"Meydançanın durumu baxımlı oyun sərgiləməyimizə imkan vermədi. Komandama oyunun ritmini tutduğuna görə təşəkkür edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "İnter"lə evdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra deyib.
49 yaşlı mütəxəssisin fikrincə, ikinci hissə komandasının üstünlüyümüz şəraitində keçib: "Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi. Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. "İnter”in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq. Əsas odur ki, komandamız yaxşı futbol sərgiləyir və ümidlərim böyükdür”.