"Qəbələ” - "Şiroki Briyeq” matçının nəticəsinə o qədər də təəccüblənmədim. Məni nəticədən çox "Qəbələ”nin heyətində birdən-birə bu qədər azərbaycanlının oynaması təəccübləndirdi. Ancaq heyətin ehtiyat oyunçularına baxdıqda orda da cəmi iki legionerin adını gördüm və bu addımın məcburiyyətdən atıldığı nəticəsinə gəldim.
Bütün bədbin proqnozları bir kənara qoyub özümü nikbin düşüncələrə kökləyərək, oyunu seyr etməyə başladım. Lakin heyhat... "Qəbələ”nin oyunu yadıma "Xəzər Lənkəran”ın avrokubokdakı debütünü xatırlatdı. Bu komanda həmin mövsüm ikinci yeri tutduqdan sonra legionerlərdən imtina edib Azərbaycanın ən yaxşı futbolçularını almışdı. Avrokuboklara da həmin futbolçularla getmişdi. Lakin Moldova təmsilçisini keçə bilmədi. Bakıda məğlub olduqları həmin üzücü oyunu indi də xatırlayıram. Əksəri yerlilərdən ibarət dünənki "Qəbələ”nin oyunu da həmin matçın surəti idi.
Güclə deyil ki... Bizim futbolular oynaya bilmirlər də! Ən yaxşı futbolçumuz Kamran Ağayev deyil? O da qoltuğunun altından top buraxdı. İkinci topda da oyunu nisbətən yaxşi keçirmiş Elnur Allahverdiyev Vaqnerə sürətdə uduzdu. Bu epizodda çoxu Levini günahlandıra bilər. Lakin o, Vaqnerlə paralel cərimə meydançasına girən hücümçunu nəzarətdə saxlayırdı. Levin rəqib hücumçuya tərəf qaçsaydı, rəqib kapitan topu daha əlverışli mövqeyə çıxan həmin hücumçuya atacaqdı.
Ümumiyyətlə, oyun boyu yerli futbolçuların taktiki savadsızlığı və texniki göstəricilərinin aşaği olması nəzərə çarpırdi. Onların legionerlərlə bir-birini başa düşməməsi hiss olunurdu. Müasir futbolun əsas elementlərindən olan mövqe yerdəyişmələrinə, cinah asmalarına şahidlik etmədik.
Əslində Qəbələnin dünənki oyununda hətta tənqidə yararlı bir şey yox idi. Rəqib öz qolunu və ya qollarını birinci hissədə də vura bilərdi. Lakin onlar bir qədər çəkindiklərindən, birinci hissəni müdafiəyə qapandılar. Lakin rəqiblərinin o qədər də güclü olmadığını görüb ikinci hissədə, çox güman ki, baş məşqçilərinin tapşırığı ilə hücumda daha çox oynamağa başladılar. Bu da nəticəsini verdi.
"Qəbələ”nin oyunu bizə həm də növbəti çempionatın necə keçəcəyi barədə təsəvvür oyatdı. Beş yerli kifayət qədər böyük birlikdir. Onlar oyunları ilə çempionatın səviyyəsini aşağı salacaqlar. Üstəlik, lazım olsa, gəlmələrə torba da tikə biləcəklər. Limit üç yerli olanda bunu edə bilmirdilər. Məşqçilər onların hərəsini bir küncə atırdı və onlar zərərsizləşirdi. Vəssalam, bununla da iş düzəlirdi. Onlar bu sahələrdə komandalarına dünənki oyundakı kimi zərər verə bilmirdilər.
Bütün bunlardan sonra eşitdim ki, Ruslan Tağızadə oyundan çıxanda onu qınayan azarkeşə "Sənin ... çatırsa legionerlərə bir söz de" deyib. Sol cinahda oynayan Allahverdiyevdən fərqli sağdakı Tağızadənin cinahını rəqib su yoluna döndərmişdi. O isə utanmaq əvəzinə azarkeşi legionerin üstünə qaldırır. Legionerlərdə bir günah yoxdur. Onlar vuruşurdular. Sol cinah ona görə möhkəm idi ki, Allahverdiyevə braziliyalı Dodo kömək edirdi. Tağızadəyə isə sağ cinahda Nizami Hacıyev kömək etmirdi. Amma Ruslanın yerində Rail Məlikov oynasaydı, bu, Qəbələyə daha çox kömək edərdi.
Mən "Şiroki Briyeq”in qiymətini bilmirəm. Amma onu dəqiq bilirəm ki, "Qəbələ”dən qat-qat ucuzdur. Öz klubumuzun rəhbərliyinə bir dəyərli təklif vermək istərdim: "Şiroki Briyeq”i məşqçiləri qarışıq alıb "Qəbələ” adından oynatsın. Bu, həm nəticə baxımından, həm də maliyyə cəhətdən qat-qat əlverişli olardı.
RAQİB
P.S. Yekə çıxmasın, "İnter”in qalib gələcəyinə əmin idim. Çünki Kaxaber Tsxadadzenin bu qədər yerliyə güvənməyəcəyini gözləyirdim. Belə də oldu. Start heyətində, səhv etmirımsə, biri dağıstanlı olmaqla, cəmi üç yerli oynayırdı. Onlar da Kaxanın ustalığına yüz faiz bələd və etibarlılığına əmin olduğu futbolçular idi. Yəni gürcü futbolumuzun bütün incəliklərinə bələddir. Vaxt gələr Muntyanu da bələd olar. Nə yaşı var ki?