
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, Bakının "İnter" klubunun fəxri prezidenti Cahangir Hacıyev həbs edilib. Sportnet.az "strateq.az"a istinadən xəbər verir ki, maliyyə xəyanətində suçlanan Cahangir Hacıyev dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar"ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur.
Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər. Məlumata görə, Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.
"Qafqazinfo”ya daxil olan məlumata görə, Cahangir Hacıyev barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Sabiq bankir Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir.
"Qafqazinfo” xatırladır ki, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ("Bandotdel”) keçirdiyi gizli əməliyyat nəticəsində tutulub.
Qeyd edək ki, Cahangir Hacıyev həm də AFFA İcraiyyə Komitəsinin üzvüdür.