"İki fərqli hissə izlədik. İlk hissədə daha yaxşı futbol oynadıq. Fasilədən sonra düşündük ki, rəqibi əks hücumda tutaq. Amma düşündüklərimizi yerinə yetirə bilmədik. Buna rəğmən, qələbə hesabını qoruyub saxlaya bildik". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev deyib.
Premyer Liqanın XVI turunda "Qəbələ" ilə keçirilmiş oyundan sonra Abdullayev bunları bildirib: "Komandada qalıb-qalmayacağımla bağlı sual 1 aydır ki, davam edir. Bu sual çeynənmiş saqqız kimidir. Bilirdim ki, yenə bu sual olacaq. Hər şey Allahın qismətidir. Filyonun əsas heyətdə meydançaya çıxması təsadüfi deyildi. Son məşqlərdə onu daha "diri” gördüm. Başla yaxşı oynamağı bacaran futbolçunu start heyətində meydançaya buraxdım və sevindirici haldır ki, yanılmadım. Zədəli oyunçularımız var. Elşən Abdullayev əməliyyat olunub, Araz Abdullayev isə zədədən yeni qayıdıb. Futbolçular formaya düşdükdən sonra heyətdə rəqabət artacaq. İndiki vəziyyətdə futbolçular özlərinə inanmalıdırlar".
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" görüşü 0:1 hesabı ilə başa çatıb.