Azərbaycan Premyer Liqasının XVIII turunda "Qarabağ”la 1:1 hesablı heç-heçədən sonra istirahətə buraxılan "Qəbələ” hazırlıqlara start verir. Sportnet.az-ın məlumatına görə, bu gün "qırmızı-qaralar" Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar.
Legionerlər komandaya qardaş ölkədə qoşulacaqlar. Yanvarın 27-dək davam edəcək hazırlıq müddətində "Qəbələ” Bələk qəsəbəsindəki "Gloria Sereniti” otelində məskunlaşacaq. Bu müddətdə "Qəbələ” 3 yoldaşlıq oyunu keçirəcək. Baş məşqçi Roman Qriqorçukun komandasının ilk rəqibi "Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma yanvarın 16-da baş tutacaq. 4 gün sonra "Qəbələ” ikinci yoxlama oyununda İsveçrənin "Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də baş tutacaq son yoxlama matçında komandamız Ukrayna təmsilçisi "Dnepr”lə görüşəcək.
Qeyd edək ki, Premyer Liqanın ilk iki dövrəsində keçirdiyi 18 oyunda 28 xal toplayan "Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2016-cı ilin ilk rəsmi matçını yanvarın 30-da keçirəcək "qımızı-qaralar" XIX turda "Kəpəz”lə qarşılaşacaq.