"Zalsburq"u düşünsək, "Valletta" da əldən çıxa bilər"
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev vaxtilə baş məşqçi kimi çalışdığı "Qarabağ"ın Malta "Valletta"sı ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi Sportnet.az-ın suallarını cavablandırıb...
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev vaxtilə baş məşqçi kimi çalışdığı "Qarabağ"ın Malta "Valletta"sı ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi Sportnet.az-ın suallarını cavablandırıb...
- Əvvəlcə "Qarabağ"ın bugünkü oyunu barədə fikirlərinizi bildirərdiniz...
- Həm "İnter", həm də "Qarabağ"ın taleyi eynidir. Hər ikisi səfərdə minimal hesablı qələbə qazanıb və çoxlu qol imkanları olub. Lakin bu hesaba aldanmaq lazım deyil. Çünki kubok oyununda buraxılan bir top bütün planı dəyişə bilər. Hər iki komanda təzyiq altında deyil. İsveç və Malta klubları artıq oyunları itirilmiş hesab edirlər. Belə olan təqdirdə komanda çox təhlükəli olur və gözlənilməz nəticə qeydə alınır. "Qarabağ" heyət baxımından rəqibindən yüksəkdir, evdə oynayır və azarkeş basqısı var. Bununla belə, diqqətli olmaq lazımdır.
- "Qarabağ" ilk oyunda cütün taleyinə aydınlıq gətirə bilərdi. Ancaq xeyli qol imkanları boşa verildi. Premyer Liqanın son mövsümündəki "Qarabağ"la Çempionlar Liqasında çıxış edən "Qarabağ" arasında oyun baxımından hansı fərq var?
- "Qarabağ" stabil heyətə malikdir. Həmin heyət daha da təkmilləşib. Futbolçular bir-birini yaxşı başa düşür. "Qarabağ" səviyyəcə "Valletta"dan güclüdür. Lakin rəqibi qiymətləndirmək lazımdır. Fikrimcə, elə fərq yoxdur. Sadəcə, Rəşad Sadıqov ilk oyunda zədə səbəbindən oynamayıb.
- Sadıqovun yoxluğu "Qarabağ"a necə təsir edir? Nəzərə alsaq ki, Maksim Medvedev də cavab görüşündə olmayacaq...
- Bu, elə də problem olmamalıdır. Lakin Rəşad böyük fiqurdur. O, komandanı arxasınca aparır. Lakin mənə elə gəlir ki, "Valletta" kimi komanda bu heyətlə keçiləsidir.
- İlk oyundakı heyətdə 8 legioner futbolçu meydana çıxmışdı. Yerli futbolçulara inamsızlığı nə ilə əlaqələndirərdiniz?
- Komandalarda legionerlər çoxdur. Seçim də olanda onlara üstünlük verilir. Daxili çempionatdan kənarda sən heyətdə daha çox xarici futbolçu oynada bilərsən. Burada heç bir problem görmürəm. Kim güclüdürsə, o da oynayır.
- "Qarabağ" bu mərhələni keçəcəyi təqdirdə, Avstriya "Zalsburq"u ilə qarşılaşacaq...
- Bizim xasiyyətimiz odur ki, arxı hoppanmamış, "hop" deyirik. İlk olaraq "Valletta" haqda düşünməliyik. Çünki "Zalsburq"u düşünsək, "Valletta" da əldən çıxa bilər. Bu baxımdan hələ ki, danışmaq çox tezdir.
- "Zalsburq"un baş məşqçisi Adolf Hütter axşam keçiriləcək oyunu stadiondan izləyəcək. Sizcə, Qurban Qurbanov bunu bilə-bilə bütün kartlarını açacaq?
- İlk matçdakı hesab elə də böyük olmayıb ki, nəyisə gizlədəsən. 1:0 sürüşkən hesab olduğundan, ehtiyatlı olmaq lazımdır. Qurban Qurbanov bunu yaxşı başa düşür və öz işini bilir. Hazırda orada oturan məşqçini, gələcək komandanı fikirləşmək lazım deyil.
- Hütterin izləyəcəyi oyunda Sadıqov olmayacaq. Amma mərhələ keçiləcəyi təqdirdə kapitan heyətdə yer alacaq. Sizcə, bu müəyyən qədər də olsa, "Qarabağ"ın kartlarının gizlədilməsi deyil?
- Təbii ki, bunun özü təbii gizlədilən bir kartdır. Rəşad oyunu öz üzərinə götürən, komandanı mptivasiya edən futbolçudur. Sürəti yüksəltmək və azaltmağa layiq futbolçudur. Bunların da hamısı "Qarabağ"ın xeyrinədir.
Rövşən ƏHLİMANOĞLU