
AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Malta "Valletta"sı ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, Abdullayev əvvəlcə 4:0 hesablı qələbə münasibətilə Ağdam komandasını və onun rəhbərliyini, habelə Azərbaycan xalqını təbrik edib.
Bununla yanaşı, o, azarkeşlərdən narazı qaldığını bildirib: "Oyun başa çatmamış - 87-ci dəqiqədə azarkeşlər meydanı tərk etdilər. Onların hərəkətindən narazı qaldım. Axı necə ola bilər ki, komandan böyük hesabla qalib gəldiyi oyun başa çatmamış meydanı tərk edəsən? Bu, "Qarabağ"a qarşı hörmətsizlikdir".
Klublarımız Avropa kuboklarında nə vaxt belə böyük hesabla qalib gəldiklərini xatırlamayan Abdullayev bu uğurun ardınca "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyinə ümid etdiyini bildirib. AFFA-nın prezidenti "Valletta" futbolçularının kobudluğuna da toxunub. O, Ağdam komandasının bu kobudluğa 4 qolla cavab verdiyini vurğulayıb. Abdullayev matçdan sonra komanda üzvləri ilə söhbətində bu ruhda davam etmələrini istədiyini və Ağdamın işğal günü öncəsi belə qələbənin önəmini dediyini açıqlayıb.
"Qarabağ"ın III təsnifat mərhələsindəki rəqibi Avstriya "Zalsburq"unun heç də "Valletta" kimi oynamadığını etiraf edən Abdullayev növbəti 2 matçın çətin olacağını bildirib. O, Avstriya çempionu ilə matçlara ciddi hazırlaşaraq, "pley-off"a yüksəlməyin vacibliyini dilə gətirib.