Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq "Qarabağ"ın baş direktoru Əmrah Çelikəlin Sportnet.az-a müsahibəsi
- "Zalsburq"la oyuna hazırlıq necə gedir?
- Hər şey lazımı səviyyədədir. Tofiq Bəhramov adına Respublika stadionunda məşq edirik. Bu gün son məşqimizi də edib, oyun saatını gözləyəcəyik.
- Zədəlilərlə bağlı vəziyyət necədir: Rəşad Sadıqovla Maksim Medvedev sabah oyunda iştirak edəcəklər?
- Klubun həkimi və baş məşqçimizin məsləhətlərinə görə vəziyyət bilinəcək. Hələlik bu haqda dəqiq nəsə deyə bilmərəm.
- Bir neçə gündür mərkəzi arenanın kassalarında bilet problemi yaşanır. Kənar şəxslər kassadan bilet alıb, öz qiymətindən baha satırlar. Bu barədə polisə də şikayət etmisiniz. Ancaq hələ də bu problemin qarşısı alınmayıb...
- Biz əlinmizdən gələni edirik. Hətta kassaların yanına öz adamlarımızı da yerləşdirmişdik. Polis də lazımı dəstəyi verir. Ancaq bu elə bir işdir ki, tək bizim cəhdimizlə həll oluna bilməz. Azarkeşlər həmin şəxslərdən bilet almaq əvəzinə, onlardan polisə şikayət etməlidirlər.
- Avqustun 14-də Superkubok oyunu olacaq. Bu tarix planlarınızla üst-üstə düşür? Yəni matçın təxirə salınmasını istəyirsiniz?
- İndi hamı kimi biz də ancaq sabahkı oyunu gözləyrik, ona hazırlaşırıq. İnşallah oyun bitsin, sonra baş məşqçimizlə müzakirə edəcəyik. Ondan sonra bu məsələ haqda bir söz demək olar.
- Cavab oyunu ilə bağlı proqramınız dəqiqləşib?
- Hələ yox, tam dəqiqləşməyib.
- Malta "Valletta"sı ilə oyunda xeyli sayda boş tribunalar vardı...
- "Zalsburq"la çox ağır oyun olacaq. Azarkeşlərimizin dəstəyi bizə çox lazımdır. Mən bütün futbolsevərləri stadionda komandamıza dəstək olmağa çağırıram.
Röya KƏRİMLİ
Röya KƏRİMLİ