Litvanın Panevejis şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) I kateqoriyalı "Panevejis-2014” turniri davam edir. Sportnet.az-ın məlumatına görə, velosiped idmanının trek növü üzrə keçirilən yarışın 2-ci günü Azərbaycan yığma komandası üçün 1 qızıl və 1 gümüş medalla əlamətdar olub.
İlk yarış günü kişilər arasında 200 metr məsafəyə sprint yarışında 3-cü yeri tutmaqla 64 reytinq balı əldə edən Sergey Omelçenko bu dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Keyrin yarışlarında mübarizə aparan velosipedçimiz yarımfinal mərhələsində finişi birinci keçməklə əsas finalda iştirak hüququna yiyələnib. Həlledici yürüşdə isə Omelçenko yalnız yerli idmançıdan geri qalaraq, gümüş medala layiq görülüb. Yeri gəlmişkən, bununla da velosipedçimiz daha 72 reytinq balı qazanıb və Dünya Kubokunda iştiraka doğru önəmli addım atıb.
Daha sonra keyrində mübarizəyə qadın idmançılar qoşulublar. Millimizin lideri Olqa İsmayılova həm yarımfinal, həm də final yürüşündə bütün rəqiblərini qabaqlayıb və yığmamıza qızıl medal qazandırıb. O, 80 reytinq balına layiq görülüb. Bununla da İsmayılova noyabrda Meksikada keçiriləcək Dünya Kubokunda iştirak üçün lazım olan xal ehtiyatını tamamlayıb. Dünya Kubokundan öncə isə idmançımız, eləcə də yığmamızın digər üzvləri Fransada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.
"Panevejis-2014”ə bu gün yekun vurulacaq.