Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənclər arasında dünya çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası ümumi hesabda birinci yeri tutub. Sportnet.az-ın məlumatına görə, yığmamız bu nəticəyə 5 qızıl, 1 gümüş medal qazanmaqla imza atıb.
8 çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz yekunda 59 xal toplayıblar. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşıb.
Zaqrebdə ölkəmizi böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil edib.
Qeyd edək ki, 2012-ci ildə Tailandda keçirilmiş dünya çempionatında da gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olub. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla Vətənə qayıdıblar.