1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Süleymanov: "Neftçi" təklif etdi, "Çixura" da razılaşdı - MÜSAHİBƏ
"Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun Sportnet.az-a müsahibəsi
- "Çixura" ilə oyunu necə dəyərləndirirsiniz?
- İlk olaraq bizi yüksək səviyyədə qarşıladıqlarına görə, qonşu Gürcüstan dövlətinə və "Çixura” klubuna öz təşəkkürümüzü bildiririk. UEFA-nın qadağa qoyduğu tribunalar istisna olmaqla, stadion tam dolmuşdu. Bizim azarkeşlər də sağ olsunlar, gəlib dəstəklədilər. Bakıda təxribat məsələsi qaldırılmışdı. Ancaq iki qonşu ölkənin arasına nifaq salmaq istəyən qüvvələrin qarşısı alındı. Təşkilatçılıq yüksək səviyyədə idi. Oyuna gəlincə, komandamız yaxşı oyun keçirdi. "Neftçi” rəqibinə açıq futbol təklif etdi. "Çixura” da buna razı oldu. Çox məzmunlu oyun alındı. Bu qələbə Azərbaycanın klub reytinqinə önəmli xallar qazandırdı. Gürcüstan futbolunun tarixi var. Heç də asan olmadı. Ən önəmlisi isə mərhələ keçmək idi. Onu da bacardıq. Nfor çox gözəl oyun nümayiş etdirdi. 3 qol vurması sevindirici məqamlardan biridir. Bu, "Neftçi”də hücumçu probleminin olduğunu deyənlərə sübut oldu. Bu gün "Neftçi” futbolçuları rəqib meydanında üç top vurmağa qadirdirlər.
- Həftəsonu Topaz Premyer Liqasına start veriləcək. Bununla yanaşı, ay ərzində Superkubok və Avropa Liqasının "play-off” mərhələsinin oyunları olacaq. PFL-dən verilən məlumata görə, oyunların vaxtında dəyişiklik olmayacaq. Bu matçların ard-arda olması komanda yorğunluq yaratmayacaq?
- Bunu bütün futbol ictimaiyyətinə bildirmək istəyirəm ki, doğru yanaşma deyil. Azərbaycan klubları Avropada layiqli çıxış etmək istəyirlərsə, üç gündən bir oynamağa hazır olmalıdırlar. Bizdə ilk oyun "Araz-Naxçıvan”a qarşı olacaq, sonra Superkubok oyunu və ardından Avroliqa matçı. Bu məsələlər elə də şişirdirməməlidir. Bu gün klublar uğur əldə etmək üçün bir mövsüm ərzində 55 - 70 oyuna çıxmalıdırlar. Üç gündən bir olan oyunlara da uyğunlaşmaq lazımdır. Heç bir Avropa ölkəsində oyunlar təxirə salınmır. İstərdim ki, Azərbaycanda da belə olsun.
- Ancaq məlumdur ki, bizim futbolçular fiziki cəhətdən tez yorulurlar.
- Bunun yaranmaması üçün sırf qrafiklə oynamaq lazımdır ki, öyrəşsinlər. Biz iki il öncə Avropa Liqasında oynaya-oynaya həm ölkə çempionu olduq, həm də kuboku qazandıq. Bunu ürək döyüntüsü ilə müqaisə etsək, xəstə ürəyin döyüntüsü sabit olmur. Tez-tez qeyri-sabitlik yaranır. Çempionat da elə. Tez-tez fasilə yarananda futbolçuların templəri aşağı olur. Ancaq sistemli şəkildə oyunlar olsa, futbolçular da stabil tempdə qalarlar.
- Avropa Liqasının "pley-off” mərhələsindəki ev oyununuzu hansı stadionda və nə vaxt keçirəcəksiniz?
- Oyunun harada olacağı haqda hələ məlumat yoxdur. Biz Avroliqa oyunlarını "Bakcell Arena”da keçirirdik. UEFA-ya əsas stadion olaraq "Bakcell Arena”nı, ehtiyat stadion qismində isə Tofiq Bəhrəmov adına Respublika stadionu göndərmişdik. İndi bu oyunla bağlı nə qərar verəcəklərini gözləyirik.
- Klub prezidenti Sadıq Sadıqov istefanızı qəbul etdiyini, lakin Sizin hələ də kluba kömək etdiyinizi bildirib. Hazırda bu məsələniz nə yerdədir?
- Mənim məsələm yoxdur. 5 il Sadıq Sadıqovla birgə çalışmışıq, hazırda da bir yerdəyik. Daim də "Neftçi”yə kömək etməyə hazıram. Vəzifənin olub olmaması önəmli deyil. Bu gün də futbolun içində olan şəxsəm. Tək "Neftçi”yə yox, Azərbaycan futboluna istənilən köməkliyi etməyə hazıram. Məni narahat edən heç nə yoxdur. Baxmayaraq ki, bütün klublarda vəzifə uğrunda özlərini ortaya atanlar var, biz elə şəxslərdən deyilik. Biz Azərbaycan futboluna lazımlı adamlarıqsa, öz köməyimizi etməliyik. Bu məsələ məni narahat etmirsə, heç kimi narahat etməsin.
Röya KƏRİMLİ