
İngiltərə "Şeffild Uensdey"i klubun azərbaycanlı iş adamı Hafiz Məmmədova satıldığını vaxtından əvvəl elan etməsinə təəssüflənib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Milan Mandariç "The Star"a açıqlamasında bildirib.
Mandariç deyib ki, onu müqavilə imzalamamış açıqlama verməyə Fransa mətbuatı vadar edib. Halbuki Məmmədovun "Şeffild Uensdey"i alması xəbəri çıxandan 10 həftə keçməsinə baxmayaraq, İngiltərə Futbol Liqası anlaşmanı hələ ratifikasiya etməyib. Bu isə klubun 40 milyon funt sterlinqə çatan borcunun bağlanmasının həmyerlimiz tərəfindən gecikdirməsi ilə əlaqədardır. Məmmədov hazırda Bakıda digər işgüzar maraqları ilə məşğuldur.
"Şeffild Uensdey"in rəsmisi hamını səbirli olmağa çağırıb: "Deyə bilmərəm ki, müqavilə ilə bağlı işlər tamamlanacaq və ya tamamlanmayacaq. İnsanlar dözümlü olmalıdırlar. Çünki hələ də Məmmədova inanıram. Eyni zamanda klub üçün ən yaxşısını etməyə çalışıram. Prioritetimiz borcu bağlamaq və klubu düzgün istiqamətdə irəli aparmaqdır. Başqa insanlar da klubumuza sərmayə qoymaq niyyətindədirlər. Amma mən istəmirəm ki, ağır əməyim və çoxlu pulum hədər getsin. Bu səbəbdən, Məmmədovu gözləyirəm".