"Qəbələ”də Yuri Syomin səhifəsi sona çatdı. Rusiyalı mütəxəssis bölgə təmsilçisinin "sükanı arxası”nda çalışdığı 1 il ərzində komandaya tarixində ilk dəfə bürünc medallar və ölkə Kubokunun finalında iştirak qazandırdı. Əlbəttə, 1 mövsüm üçün 2 rekord əla nəticədir! Syominin komandası nəyin hesabına belə sıçrayışa nail oldu?
Bu uğura nəzər salmamışdan öncə Azərbaycan reallıqlarını yada salmaq lazımdır. Azərbaycandakı klub rəhbərləri məşqçidən asılı olaraq, büdcələrini müəyyənləşdirirlər. Məsələn, Ramiz Məmmədovun dövründəki futbolçuların qiymətlərini hazırkı oyunçularla müqayisə etmək sadəcə, gülünc olar. Bu sözlərimlə rusiyalı mütəxəssisin əməyini kiçiltmək niyyətim yoxdu. Sadəcə, Syominin nəticələrinin arxasında daha güclü maliyyə dayaqlarının da dayandığını qeyd etməyə zərurət duydum.
Yuri Pavloviç xırda fiqur deyil. Rusiya millisini, Moskva "Lokomotiv”ini, Kiyev "Dinamo”sunu çalışdırmış mütəxəssisi Avropada yaxşı tanıyırlar. Elə həmin Ramiz Məmmədovla bir daha paralel aparım. Sizcə, Marat İzmaylov, Daniel Subotiç səviyyəli futbolçular baş məşqçi Məmmədov olsaydı, Azərbaycanın bu bölgəsini təmsil etməyə razılıq verərdilərmi? Sualım ritorik xarakter daşıdığından, cavabını yazmıram.
Syomin "Qəbələ”nin simasını dəyişməyi bacardı...
Syomin "Qəbələ”nin psixologiyasını dəyişməyi bacardı...
Syomin Azərbaycan futboluna yeni nəfəs gətirməyi bacardı...
Syomin marafon nəticəsinə hesablanan mühərrik qurmağı bacardı.
Onun rəhbərliyi altında komanda praqmatik, ancaq baxımlı futbol sərgiləməyə başladı. Əminliklə söyləyə bilərəm ki, Azərbaycanda "Qəbələ” üslubunda elə "Qəbələ” oynayırdı. Rusiyalı mütəxəssisin vizit vərəqəsi 2 ötürməyə topu hücum xəttinə çatdırmaq oldu. Sadə oyundur, deyilmi? Əlbəttə. Ancaq gəlin görək bu sadə üslubdan niyə heç kim istifadə etmirdi, və ya edə bilmirdi?
Ona görə ki, 45 - 60 metrlik məsafəyə dəqiq ötürmə vermək hər oğulun işi deyil. Ona görə ki, hər hücumçu Subotiç, Mendi kimi müdafiəçilərlə təkbətək mübarizə zamanı oyunu üzərinə götürməyə cürət etmir. Cürət etdikdə də faydalı iş əmsalı heç 30% olmur. Syomin də forvardlarının fərdi xüsusiyyətlərinə uyğun oyun modelini seçməklə, bacarığını, məşqçi duyumunu ortaya qoydu.
Çoxları üçün Syomin tənqid obyektinə çevrildi. Deyirdilər ki, medallar uğrunda mübarizə aparan komandalarla oyunlarda "Qəbələ” məğlub olur. Bəli, "Qarabağ”, "Neftçi” və digər favoritlərlə görüşlərdə "Qəbələ” əksər hallarda boyun əydi. Ancaq boyun əyməsinin başlıca səbəbi heç də Syominin bacarıqsızlığı deyildi. "Qarabağ”, "Neftçi”, "İnter”in "sükanı arxası”nda dayanan mütəxəssislər neçə illərdir ki, eyni kollektivin içərisindədirlər. Kiyev "Dinamo”sunun sabiq çalışdırıcısı isə hələ nə rəqiblərini, nə öz komandasını, nə Azərbaycan futbolunun mühitini yaxşı tanıyırdı. Syomin burda da baş çıxarmağı bacardı. O, əsas rəqiblərinin autsayderlərlə oyunlardakı xal itkilərindən maksimum faydalanmağı bacardı. Onun komandası "Sumqayıt”, "Rəvan”, AZAL-a hədiyyələr etmədi. Nəticədə bürünc medallar "Qəbələ”nin muzeyini bəzədi.
Ancaq Syomin satqın çıxdı. Bəli, bəli, SATQIN! Bunun başqa adı yoxdur. Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmış komandanı Avropa Liqasının startına 1 ay qalmış qoyub getməyin bir adı var – satqınlıq! Dəfələrlə "Qəbələ” rəhbərliyi Syominlə işbirliyini davam etdirmək istədiyini açıqlamışdı. Rusiyalı isə elə hey "mövsüm başa çatsın, sonra danışarıq” deyirdi. Elə dünən də Kubokun finalından sonra əməkdaşımızla söhbəti zamanı "hələ qəti qərar verməmişəm” demişdi. Lakin bundan heç bir saat keçməmiş "Qəbələ”dən getdiyini bildirdi.
Ömrünün 7-ci 10-luğunu tamamlamağa doğru əmin addımlarla irəliləyən birinin ahıl yaşında belə hərəkət etməsi bağışlanılmazdır. Çünki aydın məsələdir ki, mütəxəssis 1 saatın içərisində qərar vermədi. Hətta əminliklə deyə bilərəm ki, Syomin növbəti iş yerinin adını da bilir. Sadəcə, hələ açıqlamır. Guya kişinin oğlu dincəlir...
Qərəz, etdikləri az olmadı, ancaq sonda satqın çıxdı...
Ceyhun ƏLİYEV