Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ” klubu ilə qarşılaşacaq Hollandiya "Tvente”sı artıq revanşa hazırdır. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan "Tvente”nin futbolçuları bu matçı səbirsizliklə gözlədiklərini bildiriblər.
Artıq zədəsini sağaltmış kapitan Andreas Byelland bu oyunda azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını söyləyib: "Bu, həlledici matç olduğundan, qalib gəlməliyik. Azarkeşlərimizin dəstəyi ilə qrupa düşəcəyik. İnanıram ki, onların sayəsində stadionda əsl Avropa gecəsi atmosferi yaşanacaq”.
"Tvente"nin hollandiyalı gənc yarımmüdafiəçisi Deril Laxman isə belə oyunların onların yetişməsində böyük rolu olduğunu dilə gətirib: "Mənim üçün Avropa miqyaslı oyunlarında çıxış etmək çox mühümdür. Futbolçu belə matçlarda yetişir. Bundan əlavə, Azərbaycan kimi xarici ölkələrə səfər edirsən. Bunların hamısı gələcək üçün təcrübədir".
Qeyd edək ki, avqustun 28-də keçiriləcək "Tvente" - "Qarabağ" Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.