Futbol üzrə Azərbaycan milli komandasının Rusiya ilə yoldaşlıq görüşü və Bolqarıstanla 2016-cı il Avropa çempionatının seçmə qrup matçı üçün açıqlanan heyəti bir sıra müəmmalara yol açıb. Sportnet.az-ın məlumatına görə, avqustun 20-də Özbəkistanla yoldaşlıq oyununa çağırılan futbolçulardan bir çoxu yeni heyətdə yoxdur.
Avropa Liqasının "pley-off" mərhələsindəki ilk oyunları ilə əlaqədar Özbəkistanla görüşə çağırılmayan futbolçulardan kapitan Rəşad Sadıqov, digər müdafiəçi Bədavi Hüseynov, yarımmüdafiəçi Qara Qarayev (hamısı "Qarabağ"), qapıçı Emil Balayev, müdafiəçi Elvin Yunuszadə və yarımmüdafiəçi Araz Abdullayev (hamısı "Neftçi"), eləcə də adı ehtiyat oyunçular sırasında göstərilmiş Ruslan Əmircanov ("Qəbələ") milliyə dəvət alıb.
Qarşıdakı oyunlara Elnur Allahverdiyev ("Qəbələ"), Ali Gökdemir ("Simurq"), Abdulla Abatsiyev ("İnter"), Taşkın İlter ("Ayntraxt Braunşveyq", Almaniya) və Tuğrul Erat ("Fortuna Düsseldorf", Almaniya), həmçinin, ilk dəfə Ağabala Ramazanov ("Xəzər Lənkəran") ehtiyat oyunçular qismində çağırılıb. Amma Əfran İsmayılov ("Xəzər Lənkəran"), Emin Cəfərquliyev ("Araz Naxçıvan"), Məhəmməd Mirzəbəyov ("İnter") və Emin Nuri ("Kalmar", İsveç) ümumiyyətlə, yeni siyahıda yoxdur. Son 3 futbolçunun olmamasını müəyyən səbəblərlə - zədə, sınaqdan üzüağ çıxa bilməmələri və ya mövqelərində daha təcrübəli oyunçunun olması ilə izah etmək mümkündür. Yığmada müntəzəm oynayan İsmayılovun kənarda qalması isə müəyyən müəmmalar doğurur.
Əgər bu, "Xəzər Lənkəran"ın uğursuz çıxışı ilə əlaqədardırsa, Rasim Ramaldanov, Rahid Əmirquliyev və Rauf Əliyevə niyə dəvət göndərilib? Söhbət şəxsən İsmayılovun zəif çıxışına gedirsə, bu da inandırıcı deyil. Çünki o, Özbəkistanla qarşılaşmada meydanda ən fəallardan idi. Elə isə səbəb nədir?
Bu məqamda 26 yaşlı yarımmüdafiəçi ilə bağlı 2 olay yada düşür. Bunlardan biri İsmayılovun hətta "Xəzər Lənkəran"a keçidi rəsmiləşdikdən sonra Sloveniyaya təlim-məşq toplanışına aparılmamasıdır. Həmin vaxt klub bunu futbolçunun sənədləşmə ilə bağlı məsələlərinin yubanması ilə izah etmişdi. Söhbət viza məsələlərindən gedirdi. Amma viza ona problem yaradırsa, Bolqarıstanla ev oyununa niyə dəvət almır?
Digər olay isə Özbəkistanla qarşılaşmada İsmayılovun komanda yoldaşı Dmitri Nazarova tez-tez irad bildirməsi və hətta ondan narazılığını yığmamızın məşqçilər heyəti və tamaşaçılarla nümayişkəranə formada bölüşməsidir. Güman etmək olar ki, onun hərəkəti baş məşqçi Berti Foqtsun xoşuna gəlməyib. Bəlkə də meydandakı narazılıq iki futbolçu arasında paltardəyişmə otağında da davam edib.
"Xəzər Lənkəran"ın ilk 3 turdakı oyununda meydana çıxmadığı üçün yarımmüdafiəçiyə dəvət göndərilməməsi isə inandırıcı deyil. Məgər bu futbolçu ehtiyatda oturmaqdan qarın buraxan "Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyev kimi ehtiyat oyunçu qismində də çağırıla bilməzdi?
İstənilən halda, fakt odur ki, İsmayılov qarşıdakı 2 oyun üçün açıqlanan heyətdə yoxdur və ya Özbəkistanla qarşılaşmaya çağırılan futbolçular sırasından kənarlaşdırılıb. Bəlkə elə qovulub?
Millimizin sentyabrın 1-dən 4-dək Moskvada, sentyabrın 5-dək 9-dək Bakıda keçirəcəyi təlim-məşq toplanışına dəvət alan futbolçular:
Kamran Ağayev |
Qəbələ |
Səlahət Ağayev |
İnter |
Emil Balayev |
Neftçi |
Rəşad Sadıqov |
Qarabağ |
Bədavi Hüseynov |
Qarabağ |
Rasim Ramaldanov |
Xəzər Lənkəran |
Elvin Yunuszadə |
Neftçi |
Mahir Şükürov |
Karşıyaka (Türkiyə) |
İlkin Qırtımov |
Simurq |
Ufuk Budak |
Gaziantep B.Ş.B.S. (Türkiyə) |
Rahid Əmirquliyev |
Xəzər Lənkəran |
Ruslan Abışov |
Qəbələ |
Qara Qarayev |
Qarabağ |
Cavid Hüseynov |
Qəbələ |
Araz Abdullayev |
Neftçi |
Vüqar Nadirov |
Qarabağ |
Vaqif Cavadov |
Gaziantep B.Ş.B.S. (Türkiyə) |
Rauf Əliyev |
Xəzər Lənkəran |
Cihan Özkara |
Sivasspor (Türkiyə) |
Rüfat Dadaşov |
SVN 1929 Tsvaybrüken (Almaniya) |
Dmitri Nazarov |
Karlsruher SC (Almaniya) |
Ruslan Əmircanov |
Qəbələ |
Ehtiyat oyunçular |
Elnur Allahverdiyev |
Qəbələ |
Əli Gökdemir |
Simurq |
Taşkın İlter |
Ayntraxt Braunşveg (Almaniya) |
Tuğrul Erat |
Fortuna Düsseldorf (Almaniya) |
Abdulla Abasıyev |
İnter |
Ağabala Ramazanov |
Xəzər Lənkəran |