
İtaliyanın "İnter" klubunun baş məşqçisi Valter Matsarri Avropa Liqasında yer aldıqları F qrupunu dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis Fransanın "Sent-Etyen", Ukraynanın "Dnepr" və Azərbaycanın "Qarabağ" komandaları ilə keçirəcəkləri oyunlar barədə danışıb.
O, heç də asan qrupa düşmədiklərini bildirib. Təcrübəli mütəxəssisin fikrincə, hazırda Fransa çempionatında 2-ci pillədə olan "Sent-Etyen" doğma meydan amilindən yaxşı yararlanmağı bacaran komandadır.
Matsarri hələ "Napoli"nin baş məşqçisi olduğu vaxt - 2012-2013-cü il mövsümündə "Dnepr"lə Avropa Liqasının qrup mərhələsində üz-üzə gəldiklərini xatırladıb. Həmin oyunlarda "Napoli" evdə 4:2 hesabı ilə qalib gəlsə də, Ukraynada məğlubiyyətə uğrayıb - 1:3. Bunu nəzərə alan Matsarri "Dnepr"lə səfər matçının çox çətin keçəcəyini vurğulayıb.
"Qarabağ"a gəldikdə, baş məşqçi Azərbaycan klubu barədə informasiya toplayacaqlarını bildirib.
Matsari sonda bunları əlavə edib: "Biz "İnter"ik və növbəti mərhələyə yüksəlməliyik. Rəqiblərimizi düşünmədən öz gələcəyimizin sahibi biz olmalıyıq".
Qeyd edək ki, "Qarabağ" "İnter"lə ilk görüşünü oktyabrın 2-də Milanda, cavab oyununu isə dekabrın 11-də Bakıda keçirəcək.