
Bolqarıstanda 4-5 klubda çalışmışam. Bir məşqçi kimi bu ölkənin futbolunu yaxından tanıyıram. Bolqarıstan yığmasının hazırkı baş məşqçisi Lyuboslav Penev Sofiya MOİK-ində ikən mən "Lokomotiv"in sükanı arxasında idim. Həmin vaxt MOİK-lə matçlarda bir çox uğurlu nəticəmiz olmuşdu.
Penev çox inadkar mütəxəssisdir, işinə həddən artıq idealistcəsinə yanaşır. Onun hədəfi son vaxtlar dünya və Avropa çempionatlarına qatıla bilməyən Bolqarıstan yığmasının köhnə çağlarını, daha doğrusu, DÇ-1994-dəki uğurlu dövrünü və dünya futbolundakı nüfuzunu qaytarmaqdır.
Yadınızdadir, düz 20 il öncə Stiçkovlu, Kostadinovlu, Balakovlu yığma mundialda 4-cü olmuşdu. Ondan sonra Bolqarıstan futbolu ciddi böhranla üzləşdi. Nəticədə ölkə yığması dünya və Avropa çempionatlarından kənarda qaldı.
Digər tərəfdə isə Azərbaycan yığmasının başına gəldikdən sonra bütün imkan və səlahiyyətlər əlinə verilən bir Berti Foqts var. Nə yazıq ki, Foqts bu imkanlardan yararlana bilmir. Azərbaycan klublarının ("Neftçi", "Qarabağ") uğurları ilə eyni paraleldə Azərbaycan yığması ilə gözlə görünən bir inkişaf və ya uğur əldə edə bilməyib. Bu 6 il yetərli deyildisə, hörmətli Berti Foqtsdan soruşmaq lazımdır: ona daha neçə ilə gərəkdir ki, Azərbaycan yığmasına lazım olan uğurları əldə etsin?
Bolqaristan yığmasının bu matçdakı ən böyük "kozır"ı öz komandasındakı futbolçuların çoxunun legioner həyatı keçirərək, güclü ölkələrin çempionatlarında top qovmalarıdır. Məsələn, "Pirin"də rəhbərliyim altında çıxış etmiş Nikolay Bodurov hazırda İngiltərənin "Fulhem" komandasının şərəfini qoruyur. Yaxud zədəli kapitan İvelin Popov əvvəllər "Qaziantepspor"un formasını geyinib. Bolqarıstanlı digər futbolçular Rusiya, Ukrayna və Avropanın digər çox güçlü liqalarında oynayırlar. Azərbaycanlı futbolçular isə belə bir yüksək beynəlxalq təcrübəyə malik deyillər.
Əvəzində meydan sahiblərinin ən böyük üstünlüyü öz azerkeşləri önündə oynaması olacaq. Ümidvaram ki, Foqts bu matçdan öncə Rusiyadan buraxılan qolları futbolçularına bir dərs kimi xatırladaraq, onların özünəinamlarını geri qaytara bilib. Halbuki bir neçə gün öncə alınan biabırçı məğlubiyyətdən sonra hörmətli Foqts Azərbaycan futbolçularının özünəinamını itirəcək açıqlamalar verib. "Mən öz komandamdan deyil, rəqibin oyunundan çox keyf aldım" açıqlamasını dünyanın heç bir ağıllı və peşəkar baş məşqçisi verməz.
Ürək istərdi ki, Azərbaycan millisi qrup matçlarına öz evində bir gələbə ilə başlaya bilsin. Çünki "Bir yarışa necə başlasan, elə də davam edərsən" kimi fikirlər mövcuddur. Mənim isə çox sevdiyim deyim var: "Köynəyinin birinci düyməsini necə vursan, digər düymələr də elə bağlanacaq".
Matçın çox çətin keçəcəyini təxmin edirəm. Amma ümidvaram ki, Azərbaycan millisi Berti Foqtsun açıqlamalarına rəğmən, əsl Azərbaycan ruhu ilə oynayacaq və gərəkli müsbət nəticəni bu matçda əldə edəcək.
Sevgi və sayqılarımla
Naci ŞENSOY