Fransa "Sent Etyen"inin futbolçusu Jonatan Brizon sentyabrın 18-də "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçı barədə danışıb. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi müxtəlif regionlarda komandasının öz oyununu göstərə bilmədiyini açıqlayıb.
Ötən mövsüm Danimarka "Esbyerq"inə Avroliqanın "pley-off" mərhələsində penaltilər seriyasında uduzduqlarını, bu mövsüm isə Türkiyə "Karabükspor"unu 11 metrlik zərbələrlə yendiklərini xatırladan Brizon "Qarabağ"la oyuna böyük tərəddüd içində yollandıqlarını bildirib: "Bizim "Qarabağ"la oyunumuz "Karabükspor"la görüşlərdən elə də fərqlənməyəcək. Oynayacağımız yer və stadionu tanımırıq. Kontekst bir qədər qeyri-adidir".
Təcrübəli futbolçu deyib ki, hələlik qələbə və ya heç-heçə üçün oynamalı olduqlarını bilmir: "İlk baxışdan, heç-heçə mütləq pis nəticə sayılmayacaq. Amma biz qələbə qazansaq, bu, bizim daha üstün olduğumuzu göstərəcək".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sent Etyen" matçı saat 21:00-da başlanacaq.