
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev "Qarabağ"ın bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent Etyen"i ilə keçirəcəyi oyun barədə fikirlərini bildirib. Təcrübəli mütəxəssis Sportnet.az-a müsahibəsində vaxtilə rəhbərlik etdiyi Ağdam komandasından qələbə gözlədiyini dilə gətirib.
- Vaxtilə "Qarabağ"da işləmiş bir mütəxəssis kimi bugünkü oyun haqda nə deyə bilərsiz?
- Mənə elə gəlir ki, "Qarabağ" minimum tapşırığı yerinə yetirib. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük bir qəhrəmanlıq elədi. Artıq bundan sonra qazanacağı xallar komandanın, ölkənin imicinə xeyir gətirəcək. Qrupda zəif rəqib yoxdu, istər "İnter", istər "Dnepr", istərsə də "Sent Etyen" kifayət qədər güclü, tanınmış klublardı. Ona görə bu gün biz "Qarabağ"dan mütləq qələbə yox, əzmkar oyun, layiqli mübarizə gözləməliyik. Başabaş oynamaq lazımdır. Əlbəttə, qrupda iki komandadan biri olmaq, real götürsək, çətin məsələdir. Buna görə bizim əsas vəzifəmiz layiqli mübarizə aparmaq olacaq. Əlavə xallar, təbii, yalnız və yalnız "Qarabağ"ın xeyrinədir. Rəqiblərdən xal alınması bizim üçün yaxşı nəticə sayılmalıdır. Hər şeyə real yanaşmaq lazımdır.
- Real yanaşsaq, "Qarabağ"ın hazırkı heyəti "Sent Etyen"i məğlub etməyə, yaxud potensialı varmı qrupdakı digər rəqiblərdən xal almağa imkan verir?
- Real götürsək, yox. Niyə yox? Çünki həm "İnter", həm "Dnepr", həm də "Sent Etyen" istər maliyyə, istərsə də oyunçuların səviyyəsi baxımından "Qarabağ"ı qabaqlayırlar, onların heyətində kifayət qədər səviyyəli, tanınmış futbolçular çıxış edirlər. Ancaq bizim bir üstünlüyümüz var ki, bu da motivasiyadır. Güclü komandalara qarşı oyunlara "Qarabağ"ın futbolçuları çox ciddi hazırlaşacaqlar, motivasiya yüksək olacaq. Fikrimcə, bu da oyunların bərabər səviyyədə keçməsinə imkan yaradacaq.
- Dünənki mətbuat konfransında "Sent Etyen"in baş məşqçisi qorxaq açıqlamalar verdi, bir növ "Qarabağ"dan çəkindiklərini bildirirdi. Bunu necə başa düşmək lazımdı?
- Ağıllı məşqçilər həmişə rəqibi tərifləməlidirlər. Bu, qanundur. Yəni, özünə hörmət edən komanda, məşqçi rəqibə mütləq ciddi yanaşmalıdır. Hansısa əsas futbolçunun heyətdə olub-olmaması vacib deyil, yekunda ad bir komandanındır. Bu mənada mən fransızların baş məşqçisinin açıqlamasını qorxaqlıq yox, sadəcə, hörmət kimi başa düşürəm. Bizim üçün başucalığıdır ki, Fransa klubu bizə hörmətlə yanaşır.
- Bunu bir növ "Qarabağ"ın başının altına yastıq qoymaq kimi də başa düşmək olar?
- Elə də olar bilər, belə də. Bü gün müasir futbol oynanılır. İstənilən komanda, istənilən məşqçi rəqibin gücünü asanlıqla analiz edə bilir, ancaq heç vaxt reallıqdan danışmır.
- Bugünkü oyuna proqnozunuz nədir?
- Əlbəttə, hamımız azərbaycanlıyıq və mən də bir vətəndaş, bir "Qarabağ"sevər kimi, arzu edirəm ki, komandamız bu axşam qələbə qazanaraq bizləri sevindirsin. Öz prqonozuma gəldikdə, fikrimcə, hesab 1:1 olacaq. Mütəxəssis kimi, proqnozum özünü doğrultmaya da bilər, ola bilər ki, başqa nəticə qeydə alınsın. Ancaq çox istərdim ki, heç olmasa, ilk xalımızı qazanaq.
- Bildiyiniz kimi, "Neftçi" də Avroliqanın qrupuna düşmüş, amma qələbə qazana bilməmişdi. Sizcə, bu tilsimi "Qarabağ" qıra bilər?
- İnşallah, mənə elə gəlir ki, bir qələbəyə "Qarabağ"ın gücü çatar.
Elvin ƏHƏD