Tanınmış mütəxəssis Əfqan Talıbov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Fransa "Sent Etyen"i ilə ev oyununu dəyərləndirib. Talıbov Sportnet.az-a müsahibəsində Reynaldonun 0:0 hesablı heç-heçə ilə nəticələnən oyunda əlverişli qol imkanlarından yararlana bilməməsinin səbəbini də açıqlayıb...
- "Qarabağ"ın "Sent Etyen"lə oyunu barədə nə demək istərdiniz?
- Çox gözəl, maraqlı oyun alındı. Xüsusən, "Qarabağ"ın ifasında. Bu oyun mənə hardasa "Neftçi"nin 1960 - 1970-ci illərdəki çıxışlarını xatırlatdı. Hər dəfə hücum edəndə "Qarabağ"ı bütün stadion dəstəkləyirdi. O vaxt da belə idi, "Neftçi" hər dəfə hücuma çıxanda möhtəşəm azarkeş dəstəyi görürdü. İndi bizim azarkeşlər "Qarabağ"ın simasında əsl oyun, kombinasiyalar, hücumlar görür. Uzun müddətdir avrokubokların elitasında olmasa da, "Sent Etyen" elə-belə klub deyil, Avropanın sayılb-seçilən komandalarındandır. Amma buna baxmayaraq, özünüz də gördünüz ki, fransızlar 1 xala necə sevindilər. Bəlkə də Bakıya rahat qələbə dalınca gəlmişdilər.
- "Qarabağ"dan belə oyun gözləyirdiniz?
- Bəli, gözləyirdim,. Ona görə mənim üçün qeyri-adi bir şey olmadı. "Qarabağ" belə də oynamalı idi. Çünki hər şey plan üzrə həyata keçirilir. Bir insan komandanın son 5-6 ildə keçdiyi yola nəzər salsa, onda başa düşəcək ki, "Qarabağ"ın "Sent Etyen" kimi komandaya göz açmağa imkan verməməsi normal haldır. Xüsusən braziliyalılar komandanın oyununa rəng qatırlar. Komandanın heyəti, büdcəsi, onlar üçün yaradılan şərait, infrastruktur belə düşünməyə əsas verir. Heç nə birdən-birə deyil, göydəndüşmə olmur. Bunlar zamanla həll olunan məsələlərdir. Bunlar sehrbazlıq göstərmirlər, görülən işlərin ardıcıllığıdır. Rəhbərlik baş məşqçinin arxasında dayandı, uzun müddət yol getdilər və nəticəsi budur: "Sent Etyen" kimi komanda Bakıda uduzmadığına görə sevinir. "Qarabağ" bu qədər tamaşaçı ordusu qazanıb, bunlar elə-belə olmayıb ki... Bu boyda dəstəyi olan komanda, əlbəttə ki, meydana rahat çıxmalı, istədiyi oyunu oynamalıdır. Heyf ki, dünən bir dənə qol çatışmadı. O da olsaydı, ümumiyyətlə, fantastika! İndi bundan sonrakı oyunlarda komanda meydana daha sərbəst şəkildə çıxacaq: istər "Dnepr", istərsə də "İnter"lə matçlarda. Biz bu gün Avropanın bir neçə klubu var ki, onlarla ayaqlaşa bilmərik, məsələn, "Mançester Yunayted", "Real", "Barselona", "Bavariya" və.s. "Qarabağ" qalan bütün komandalarla başabaş mübarizə apara bilər. Yeri gəlsə, qrupdakı rəqiblərə səfərdə də qalib gəlmək gücündəyik. Burada təəccüblü heç nə görmürəm.
- Dünən qələbə qazanmaq üçün "Qarabağ"da nə çatışmadı?
- Təbii ki, ilk oyun idi qrupda. Biri var, qrupa düşmək uğrunda həyəcanla mübarizə aparırsan, biri də var ki, qrupda oyuna çıxırsan. İndi komandanın işi bir qədər rahatdır, amma bu rahatlıqdan istifadə edib ilk 15-20 dəqiqə arzində qol vurmaq lazımdır. "Qarabağ" da dünən bunu etməyə çalışdı, lakin alınmadı. İlk qolu erkən vursaydılar, oyun bir qədər də rahatlaşacaqdı. Rəqib başlayacaqdı açıq futbol oynamağa və.s.
- "Sent Etyen" "Böyük 5-lik" çempionatında çıxış edir, hazırda Fransa birinci divizionunda yuxarı yerlərdə gedir...
- Bilirsiniz, Fransa klubların əksəriyyətinin oyun üslübü eynidir, bir az PSJ, "Monako" və "Lion"un oyunu fərqlənir. Bu mənada, "Lill", "Marsel", "Sent Etyen" kimi klubların Liqa 1-də yuxarı pillələrdə getməsinə fikir verməyin, bunlar elə də böyük, güclü klublar deyillər. "Böyük 5-lik" çempionatını təmsil etsələr də, böyük qüvvələri, potensialları yoxdu. İnandırım sizi, əgər bir qol vurulsaydı, hesab bəlkə də 3:0 olacaqdı. Təəssüf ki, son nöqtəni qoya bilmədilər. Vaxt keçdikcə "Qarabağ" başlayırdı tələsməyə, belədə isə hücumlar nəticəsiz qalırdı. Gördünüz ki, hər iki hissədə meydanda bir komanda var idi, "Sent Etyen" hücuma böyük qüvvə ilə çıxmağa cəsarət etmirdi. Komandamız oyunun gedişində artıq başa düşdü ki, bu, Dortmund "Borussiya"sı, ya da "Zalsburq" deyil ki, güclü əks-hücumu olsun, ona görə "Qarabağ" istədiyi oyunu oynadı. Təəssüf ki, qol vurulmadıqca fransızlar daha güclü müdafiə olunmağa başladılar. Başlanğıc üçün 1 xal pis deyil, ama 3 xal da ola bilərdi.
- Sizcə, "Qarabağ" dünən 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Dünənki oyuna əsasən, deyərdim ki, "Qarabağ" vacib 2 xalı itirdi.
- Yəni ki, qrup oyunlarında bunun təsiri olacaq...
- Bəli, bəli. Çünki "Qarabağ" bu komandaya Fransada da qalib gələr bilər. Gərək evdə də məğlub edəydilər "Sent Etyen"i. Təəssüf ki, Çumbinyonun zədəsi ciddidir, bunun komandaya təsiri daha böyük ola bilər, nəinki dünənki oyundakı xal itkisi. Amma mənim əsas sözüm Reynaldoyadır.
- Nə söz? Elə mən də Reynaldo ilə bağlı sual verəcəkdim...
- Elə bil, Reynaldo yavaş-yavaş azərbaycanlılaşır, son məqamlarda nəsə xəsisliyə başlayıb, ötürmə vermir. Ona başa salmaq lazımdır ki, epizodlarda sonuncu məqamlara diqqət etsin, qol vura bilməyəcəyini görürsə, ötürmə versin. Dieqo Koşta kimi futbolçu o boyda klublarda oynayır, bu gün "Çelsi"də xarüqələr yaradır, eyni zamanda ötürmələrini də verir. Halbuki İngiltərədə oynadığı heç 2 ay deyil. Bax, əsl peşəkarlıq budur. Bu, Reynaldoda da var, ancaq son məqamlarda diqqətli olmalıdır. Fərdi oyuna üstünlük verib texnikasından istifadə etməyi yaxşıdır, tez-tez cinahları dəyişir, gah mərkəzə çəkilir. Yaxşı əlamətdir bunlar. Görünür ki, bu adam məşq edir, gecə-gündüz çalışır. Bununla belə, ötürmə də vermək lazımdır.
- Bəlkə son zamanlar çox reklam olunan Reynaldo "ulduz xəstəliyi"nə tutulub?
- Yox, onda hələ "ulduz xəstəliyi" görünmür (gülür). Bilirsiniz niyə? Çünki daim məşq etdiyi, çalışdığı aşkar hiss olunur. Özünü inkişaf etdirməkdə, artırmaqda maraqlı olduğunu aydın şəkildə sezmək mümkündür. Daim hərəkətdədir, axtarışdadır, rəqibə təhlükə yaratmağa çalışır. Sadəcə, Reynaldonu son oyunlarda rəqibin iki futbolçusu "bağlayır", deməli, yaxşı mövqeyə açılan kimi ötürmə verməlidir. Onsuz da özü ilə iki-üç oyunçunu çəkib aparır. Əks-cinahda komanda yoldaşları onun üçün boşluq yaradır, lakin özü son anda ötürmə vermir.
- "Sent Etyen"in baş məşqçisi Kristof Qaltye "Qarabağ"ı qrupun favoritlərindən saydığını bildirdi. Necə fikirləşirsiniz, komandamız qrup ikincisi ola bilər?
- İlk turda uduzmasına baxmayaraq, "Dnepr" "İnter"lə başabaş mübarizə apardı, oyunu bir nəfər azlıqda davam etdirirdi. Ukrayna klubu kifayət qədər güclüdür, italyanlara əsl başağrısı olmuşdu. Təxminən belə hesab edirəm ki, qrupda 2-3-cü yerlər uğrunda "Dnepr"lə mübarizə aparmaq olar. Növbəti turda "Sent Etyen" öz evində "Dnepr"i udsa, onda vəziyyət dəyişə bilər. Çünki fransızların 4 xalı olacaq. Amma ukraynalılar Fransada qalib gəlsələr, yaxud heç-heçə etsələr, hardasa bizim üçün alverişli olacaq ki, qrup ikinciliyi uğrunda yarışaq. Komandamız, inanın mənə, İtaliyadan sərfəli nəticə ilə dönə bilər. Fikir verin, son illər dünya futbolunda onların liderliyi yoxdu, istər klub, istərsə də milli komanda səviyyəsində İtaliya futbolu əvvəlki deyil. Əlbəttə ki, bunlar bir versiyadır, hər şeyi zaman göstərəcək. İstənilən halda "Qarabağ"dan qarşıdakı görüşlərdə də dünənki əzmkarlığı gözləyirəm.
Elvin ƏHƏD