"Xəzər Lənkəran"ın sabiq rəisi Səməd Mustafayevin Sportnet.az-a müsahibəsi
- "Xəzər Lənkəran"dan gedişinizə səbəb nə oldu?
- Bəzi saytlarda və sosial şəbəkələrdə iddia olunurdu ki, mənim işdən getməyimə transferlərlə bağlı məsələlər səbəb olub. Bunların hamısı şayiələrdir. Ayrılmağım komandanın uğursuzluğu və buna görə danışılan bəzi söz-söhbətlərdir. Bir qism azarkeş içində "Səməd Mustafayev baş məşqçinin işinə qarışır", "Səməd Mustafayevin transferlərdə əli var" tipli şayiələr dolaşırdı. Uğursuzluğun məndən asılı olduğunu düşünən bəzi azarkeşlərə görə ərizəmi yazaraq, işdən azad olundum.
- Azarkeş sözü ilə durub-oturmaq nə dərəcədə peşəkarlığa uyğundur?
- Baxmayın... Ən böyük azarkeş kütləsi "Xəzər Lənkəran"dadır. Lənkəranda olanda belə şayiələri eşidəndə və kiminsə vasitəsilə çatanda adama istər-istəməz təsir edirdi. Bunlar və üstəlik, uğursuzluqlar istefa qərarıma səbəb oldu.
- Həmin azarkeşlər doğrudanmı böyük çəkiyə malik olanlar idi?
- Əlbəttə, çəkili azarkeşlər idilər. Amma konkret, kimlərin olduğu ilə maraqlanmamışam da... Eşitmişəm. Qalsaydım və yenə uğursuzluqlar olsaydı, deyəcəkdilər ki Səməd Mustafayev məşqçinin işinə qarışır.
- Nə zaman qərara aldınız ki, artıq getmə zamanıdır?
- Hələ "Simurq"la matçdan öncə fikrim var idi ki, ərizəmi yazım. Amma bu oyunu da gözlədim və Zaqatalaya qayıdan kimi ofisə yaxınlaşaraq, ərizəmi yazdım.
- "Xəzər Lənkəran" ikinci mövsümdür uğursuz çıxış edir. Necə oldu ki, əvvəllər barənizdə heç bir şayiə dolaşmadı, məhz indiyə təsadüf etdi?
- Mirça Rednik və Yunis Hüseynovun baş məşqçi olduğu vaxtlarda komanda yaxşı oyun göstərirdi. "Xəzər Lənkəran" Redniklə vitse-çempionluq və kubok, Hüseynovla vitse-çempionluq və tarixində ilk dəfə Avropa Liqasında mərhələ sevinci yaşamışdı. O zamanlar belə söz-söhbətlər gəzmirdi, son 8-9 ayda başladı. Deyirdilər ki, mənim əlimlə bu cür oyunçular gəldiyi üçün komanda uğursuz nəticələr göstərir.
- Demək, söz-söhbətlərə 9 ayadək dözə bildiniz?
- Bəli. Fikirləşdim ki, bəlkə komandamız uğursuzluğa son qoyar, azarkeş də zəif nəticəni gördüyü üçün belə fikirləşir. Amma əvvəllər belə şayiələr dolaşmırdı. Komandamızın ardıcıl pis nəticələr göstərməsi azarkeşlərin daha çox danışmasına səbəb oldu. Mən də komandadan getdim.
- Gələcəyinizi harda görürsünüz?
- Hələlik gələcək işim barədə fikirləşmirəm. "Xəzər Lənkəran"dan uzaqlaşmağım bir ay deyil. Hazırda istirahət edirəm.