Ukrayna "Dnepr"inin Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəyi qarşılaşma boş tribunalar önündə oynanılacaq. Sportnet.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu barədə UEFA İntizam Komitəsi qərar qəbul edib.
Səbəb kimi "Dnepr" azarkeşlərinin Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka "Kopenhagen"i ilə oyun zamanı yolverilməz davranışları göstərilib. Həmin qarşılaşmada danimarkalı azarkeşlərin olduğu sektora yerli fanatlar soxulmuş və hakim görüşü 10 dəqiqə dayandırmalı olmuşdu. İntizam Komitəsi "Dnepr"i 50 min avro cərimə və 2 illik şərti diskvalifikasiyaya məruz qoyub. Amma hələlik bu xəbər nə "Dnepr", nə də UEFA-nın rəsmi saytında yerləşdirilməyib.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı Kiyevdəki "Olimpiyski" stadionunda oktyabrın 24-ə keçən gecə Bakı vaxtı ilə saat 00:05-də başlanacaq.