
"Neftçi”nin baş məşqçisi Arif Əsədovun Sportnet.az-a müsahibəsi
- Millinin oyunu ilə əlaqədar çempionatda yaranmış 3 həftəlik fasilədən necə istifadə edəcəksiniz?
- Artıq bu gündən hazırlıqlara başlamışıq. Heyətdən 10-dək futbolçu əsas və 21 yaşlılardan ibarət milliyə yollanıb. Bununla bağlı problemimiz olacaq. Vaxtımız olsa da, tam heyətlə hazırlaşa bilmirik. Ancaq heç nəyə baxmayaraq, planımız üzrə hərəkət edirik. Futbolçuların yoxluğundan istifadə edib əvəzedici heyətdən bir neçəsini yoxlayacağıq. Hazırlıq prosesini iki yerə bölmüşük. Okytabrın 1-dən 10-na kimi ilk mərhələ olacaq. Bu müddətdə yoxlama oyunlarında qüvvəmizi sınayacağıq.
- Rəqiblər məlumdur?
- Ayın 10-da "Bakı” ilə qarşılaşacağıq. Bundan əvvəl - oktyabrın 6-da isə rəqibimizin hansı komanda olacağı hələ məlum deyil. Danışıqlar gedir. Oktyabrın 10-dan sonra isə "Sumqayıt”la Premyer Liqa oyununa hazırlaşacağıq.
- Komandanı mövsümün gedişində təhvil almısınız. Sizcə, bu 3 həftəlik toplanış xeyrinizə olacaq?
- Əlbəttə, hər fasilə bizim xeyrimizə olur. Əlimizdə olan futbolçuların fiziki durumunu yaxşılaşdırırıq. Hardasa komanda şəklində taktikada əziyyət çəkəcəyik. Çünki futbolçuların hamısı əlində olmayanda, istədiyin nəticəni qazana bilmirsən.
- Hazırda sərəncamınızda necə futbolçu var?
- 16 futbolçu qalıb. Əvəzedicilərdən də gələn olacaq. Bu gün bir məşqimiz oldu. Sabahdan gündə iki dəfə məşq keçəcəyik. Legionerlərimizin də hamısı komandadadır. Flavinyonun zədəsi var. Hazırda o, həkim nəzarəti altında bərpa prosesi keçir. Bruno Bertuççi isə fərdi məşqlərdə iştirak edir.
- Tahir Süleymanovdan sonra boş qalan vitse-prezident postuna Elnur Məmmədov gəlib. Yeni vitse-prezident bu gün məşqi izlədi?
- O, yeni vəzifəsinə təyin olundu. Ancaq məşqi izləməsini görmədim... (qəfil susur - red). Hə-hə, sonradan gəldi. Bizim başımız məşqə qarışmışdı.
- Yeni təyinatı necə qarşıladınız? Tahir Süleymanovdan fərqli olaraq, Elnur Məmmədov sizə nə verə bilər?
- Futbolla bağlı suallara cavab verdim. Siz mənə futbolçular, məşqlər, hazırlıqlarla bağlı sual verin. Amma təyinatla bağlı klub rəhbərləri ilə danışsanız, daha yaxşı olar.
- O da sizin kimi gənc kadr olduğu üçün fikirləriniz maraqlı idi...
- Elnur Məmmədovu AFFA-da U-19 millisində işlədiyim vaxtlardan tanıyıram. Səmimi insandır, gənc kadrdır. Müsbət qarşıladım.
Röya KƏRİMLİ