Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Çervyakovum Sportnet.az-a müsahibəsi
- İtaliyadakı dünya çempionatındakı çıxışınız haqda nə deyə bilərsiniz?
- Əslində komandanın önünə qoyulan məqsəd I mərhələni keçmək idisə, daha da artığını etdilər. Yaponiya ilə matçda çox yaxşı oynadıq. Sonra Puerto Riko və Kubanı udub II mərhələyə çıxdıq. Bu, bizim üçün uğurdur. Düzdür, istərdik II mərhələdə daha da yaxşı çıxış edək. Bəzi oyunlarda alınmadı. Məsələn, İtaliya ilə matçda, oyunun sonlarında, xusüsən də 4-cü partiyada səhvlər buraxdıq. Xorvatiyanı udduq. Sadəcə deyərdim ki, komandada psixoloji və fiziki yorğunluq vardı.
- Əslində I mərhələni keçəndə "qızıl xallar"ın azlığı səbəbindən hər şeyin bitdiyini saymaq olardı. Amma olmazdımı ki, daha çox xal qazanmaq üçün heç olmasa, oyunu minimal hesablı məğlubiyyətlə tərk edəsiniz?
- II mərhələdə İtaliya ilə oyunda məğlubiyyət çox məyusedici oldu. 4-cü partiyanı udub 1 xal da olsa, qazana bilərdik. Dominikan Respublikası ilə oyunda da yaxşı başladıq, 1-ci seti udduq. Düşündük ki, komanda daha da yaxşı oynayacaq. Ancaq sonradan hiss olundu ki, qızlar fiziki baxımdan yorulublar. İtirdiyimiz xallar çox önəmli idi. İtaliya və Dominikanla oyunlarda xal götürə bilərdik. Bu xallar II mərhələdə çox rol oynayardı.
- Bu uğursuzluğu komandanın aparıcı futbolçularının iştirak etməməsi ilə əlaqələndirmək olar?
- Natalya Məmmədova, Valeriya Karotenko olsaydı, komanda daha da yaxşı çıxış edərdi. Bizdə gücü əsasən topu qəbul etməyə və hücumlara vermişdik. Polina Rəhimova yaxşı oynadı. Ancaq hesab edirəm ki, Natalya olsaydı, hücum xəttimiz daha güclü olardı.
- Natalya Məmmədova zədəni əsas gətirərək, millimizə qoşulmadı. Siz onun göstərdiyi səbəbin nə dərəcədə ciddi olduğu ilə maraqlanmısınız?
- Çiynindən əməliyyat olunduğu üçün federasiyamız ona dünya çempionatında iştirak üçün icazə verib. Sonra bildiyim qədəri ilə təlim-məşq toplanışlarına qatılıb. Ancaq hazırda nə səviyyədə hazır olduğunu bilmirəm.
- Onun İsveçrə "Volero"sunun heyətində Braziliyadakı təlim-məşq toplantısından videolar paylaşılmışdı. Həmin görüntülərdə Məmmədova normal təsir bağışlayırdı. Düşünmürsünüz ki, o, qəsdən belə deyib?
- Düşünmürəm. O, Azərbaycan millisinə illərini verib. İnanmıram ki, qəsdən belə hərəkət etsin. Əvvəlki illərə baxanda Avropa çempionatında çox güc sərf etdi. Deməzdim ki, söylədikləri yalandır.
- Bəs hakim səhvlərinin rolu nə qədər oldu...
- Dominikanla oyunda səhvlər vardı. Orda topun tora dəymədiyi epizodda xal rəqibə verildi.
- Deyilənə görə, həmin qərarın verilməsində Dominikan Voleybol Federasiyasının prezidenti xüsusi canfəşanlıq göstərib...
- Dominikan Voleybol Federasiyasının prezidenti həm də Beynəlxalq Voleybol Federasiyanın vitse-prezidentidir. Orada o yana-bu yana getməsi aydın deyildi. Ola bilər ki, hakimlərə təsiri olub. Ümumilikdə hakimlərlə bağlı elə də etirazlar yox idi. Hər iki tərəfin lehinə səhvlər olurdu. Dominikan yığması ilə oyunda məyusluğu bu hakim səhvləri yaratdı.
- Millimizin tarixi ərzində dünya çempionatlarında ən yüksək nailiyyət 20 il öncə olub: 9-cü yer. Bu il isə 15-ci yeri tutdunuz...
- 2006-cı ildə olduğu kimi, bu il də 4 qələbə qazandıq. Braziliyada keçirilən dünya çempionatında isə iştirak etməmişdik. Çünki orada 12 komanda mübarizə aparırdı. Burada isə 24. Biz geridə 9 komanda buraxdıq. Bu, bizim üçün uğurdur. Ancaq daha yaxşı çıxış etmək olardı.
- Ehtiyat oyunçular nə dərəcədə siz xeyir verdi: Onların köməyindən istifadə etdiniz?
- Hansı gərək idisə meydana buraxdıq. Yekaterina Jidkova özünü yaxşı tərəfdən göstərdi. Həmçinin Natəvan Qasımova və digərləri. Hər bir ehtiyat oyunçudan istifadə etdik. Qızların hamısı meydana çıxıb, komandaya kömək etmək istədi. Məsələn, Jidkova Nastyanı əvəz etdi. Çox da uğurlu alındı. Ceyran Əliyeva arxa xəttə kömək etdi, yaxşı alındı. Qızlar ümidləri doğrultular.
- Bütün qızlar?
- Bizim tək çatışmazlığımız Yana Ağayeva ilə bağlı idi. Onun zədəsi vardı deyə, lazımi qədər köməyindən istifadə edə bilmədik. Oynayırdı, amma zədə aldı. Ondan başqa qızların hamısı oynadı və razı qaldıq.
- Məyusluq olmadı?
- Xeyr. Hər biri oynayıb, kömək etməyə çalışdılar. Düzdür, elə səhvlər oldu ki, ona görə məğlub olduq.
- Düşünürsüz ki, bu qızlarla dünya çempionatında daha artığını əldə edə bilməzdiniz?
- Məsələn, Yaponiya, Kosta-Rika ilə oyunda qızlar tapşırılanlardan daha artığını etməyə çalışdılar. Amma psixoloji və fiziki yorğunluq vardı. Lazım olanı etdilər, amma artığına güc çatmadı.
- Dünya çempionatından sonra Natavan Qasımova karyerasına fasilə verəcəyini deyib. Sizcə, bu, onun ehtiyatda qalması ilə bağlı deyil?
- Bildiyimə görə, o, ana olmaq üçün getmək istəyir. Vaxtını ailəsinə həsr etmək istəyir.
- Ümumiyyətlə, Qasımova milliyə layiq oyunçudur?
- Heyətdə ikinci əlaqələndirici kimi layiqlidir.
- Gələcəkdə kimisə milliləşdirmək niyyətiniz var?
- Hazırda heç kimi milliləşdirə bilmərik. Çünki komandada Yana Ağayeva var. Ancaq bir milliləşdirilimiş oyunçu yığmanın heyətində meydana çıxa bilər.
- Amma dünya çempionatında milliləşdirilmiş Jidkova vardı...
- O, burada ailə qurub deyə rəsmən Azərbaycan vətəndaşı sayılır. Ukrayna millisində oynasaydı, artıq milliləşdirilmiş sayılardı. Əgər qaldığı yerdə ailə qurub, iki il yaşayıbsa, artıq azərbaycanlı oyunçu sayılır. Hələ kimisə milliləşdirmək niyyətimiz yoxdur.
- Bəs rəsmi Azərbaycan vətəndaşı olanlardan?
- Var, var. Ukraynadan olan gənc qızlar var. Onlar gələcək üçündür. Gəlib yarışlarda oynayacaqlar demək tezdir.
- Faiq Qarayev milli ilə birgə deyildi.
- O, həmişə komanda ilə birgə olub, həmişə kömək edib. Sloveniyada təlim-məşq toplanışı keçirəndə yanımızda idi. Məşqçilər korpusuna, qızlara öz təcrübəsi ilə kömək edirdi. Son günə kimi komanda ilə birgə olub.
- Ancaq oyunlarda tribunada idi...
- Bəli. Sadəcə oyunlarda tribunada oturmuşdu. Məşqlərdə komanda ilə birlikdəydi.
- Oyun vaxtı köməklik etdi: məsələn, telefonla?
- Xeyr. Əvvəlcədən söhbət olurdu.
- 1 dəqiqəlik fasilələrdə də olmadı?
- Xeyr. Oyundan əvvəl məsləhətləşirdik. Fasilələrdə isə köməyi olmayıb. Amma həmişə komanda ilə birgə olub. Bir addım belə ayrılmayıb.
- Sizi yığmamızın baş məşqçisi saymaq olar?
- Dünya çempionatında rəsmi olaraq baş məşqçi idim.
- Yalnız dünya çempionatında?
- Avropa çempionatında da baş məşqçi idim.
- Sizi bu vəzifəyə rəsmən təyin ediblər?
- Yarışlarda belə idim. Gələcəkdə necə olacaq bilmirəm. Qarşıdakı oyunlarda kim olacaq, bu, artıq federasiyanın qərarıdır.
- Sizə fərqi yoxdur?
- Neçə ildir burada işləyirəm, yaşayıram. Dünya çempionatında baş məşqçi kimi çıxış etmək şərəfdir. Baş məşqçi təyin etsələr mənim üçün yaxşıdır. Etməsələr də, yenə fərqi yoxdur.
- Faiq Qarayev qayıtsa onun köməkçisi olaraq qalmaq istərdiniz?
- Mən həmişə onun köməkçisi olmuşam. Niyə də istəməyim?! Başqası gəlsə, onunla işləməyəcəyəm. Faiq Qarayev qayıtsa və "kömək et" desə, məmnuniyyətlə qalaram. Biz onunla birgə oynamışıq, illərcə birgə işləmişik. Ancaq başqası gəlsə, artıq mən olmayacam.
Röya KƏRİMLİ