2005-cil ildə "Qarabağ”ın heyətində 12 oyuna 3 qol vuran Ukrayna "Dnepr”inin yarımmüdafiəçisi Sergey Kravçenko "football.ua”nın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Necə oldu ki, "Qarabağ”ın heyətinə düşdünüz?
- Bu komandaya keçməyə mənə uşaqlıq dostum Denis Sokolovski kömək etdi. Başqa bir klubdan da təklif almışdım. Ancaq "Qarabağ”ı seçdim. Çünki Sokolovski özü də o komandada oynayırdı. Baxışdan keçdim, sonra yarım illik müqavilə bağladıq. Mənimlə Azərbaycana təcrübəli Aleksandr Voskoboynik də gəldi. Bir sözlə, darıxdırıcı olmadı, kluba tez bir zamanda uyğunlaşdım.
- Bakıda yaşayırdınız?
- Bəli. Baxmayaraq ki, "Qarabağ” Ağdamı təmsil edir, amma baza paytaxtda yerləşirdi. Bakı çox gözəl şəhərdir, mən hələ 2005-ci ildə oranı bəyənmişdim. İndi, ümumiyyətlə, ağlasığmazdır.
- "Qarabağ”dakı karyeranızı necə xatırlayırsınız?
- Ancaq xoş xatirələrlə. Komandada məni çox yaxşı qarşıladılar, baş məşqçinin etimadını qazandım. Biri "Neftçi”nin qapısına olmaqla, ilk 4 turda 3 qol vurdum.
- İndi o klubla hansı əlaqələriniz qalıb?
- Mənim vaxtımdan yalnız iki nəfər var. Onlardan biri o vaxt klubun mətbuat katibi idi. İndi o, "Qarabağ”da baş menecerdir (Asif Əsgərovu nəzərdə tutur - red.). Onunla çoxdandır əlaqəm yoxdur. Digəri isə müdafiəçi Namiq Yusifovdur.
- Dediniz ki, Bakıda yaşamaq probleminiz olmadı. Yəqin ki, kabab bişirməyi öyrənmisiniz...
- Xeyr, öyrənməmişəm (gülür). Ancaq Bakıda mən narı sevdim, Azərbaycanın milli meyvəsidir.
- Bəs məşhur Qarabağ atı çapmısınız?
- Xeyr.
- Siz ki ekstrimi xoşlayırsınız...
- Bəli, ancaq Bakıda bunun üçün imkan yox idi. Hansısa dağlıq rayonda yaşasaydım, onda at çapa bilərdim. Lakin Bakıda mən, ümumiyyətlə, at görmədim.
- Əksəriyyət hələ də inana bilmir ki, bizim klubun avrokuboklardakı taleyinə məhz "Qarabağ”la oyunlarda aydınlıq gələcək. Razısınız bu fikirlərlə?
- Əlbəttə, razıyam. Bu da o deməkdir ki, "Qarabağ” inkişaf edib. Halbuki bu komanda 2005-ci ildə Azərbaycanın ortabab klublarından biri idi. Mən "Qarabağ”a gedəndən sonra komanda Azərbaycan Kubokunu qazandı. Büdcəsi genişləndirilib, bazası var. Bunun nəticəsi olaraq son mövsüm ölkə çempionu olublar.
- Nəyə görə "Qarabağ”dan belə tez ayrıldınız?
- Ukraynadan "Vorskla”nın seleksiyaçısı Valeri Qoşkoder mənim oyunlarımı izləyirdi. Barəmdə baş məşqçi Viktor Nosova məlumat vermişdi. Dəvət göndərdilər, mən də getdim.
- İndiki "Qarabağ”ı necə təsəvvür edirsiniz?
- Avropa Liqası oyunlarından epizodlara baxmışam. Dəqiq analiz etməmişəm, amma bilirəm ki, bizim üçün asan olmayacaq. "Sent Etyen”lə qarşılaşmada yaxşı oynayıblar, sadəcə, komandanın aparıcı üzvləri olan braziliyalılar yaradılan qol fürsətlərindən istifadə edə bilməyiblər. Halbuki fransızları zəif adlandırmaq olmaz. Bir müddət əvvəl özümüz də bunun şahidi olduq.
- "Dnepr” avrokuboklarda zəif çıxış edir, nəinki Ukrayna çempionatında. Niyə?
- Bəlkə də bunu rəqiblərin gücü ilə əlaqələndirmək lazımdır. Bəli, "Kopenhagen”lə oyunlarımız, demək olar ki, alınmadı. Ancaq "Hayduk”la matçlarda çox yaxşı çıxış etdik. "İnter”lə oyunun ədalətli yekunu heç-heçə olmalı idi, sadəcə, bəxtimiz gətirmədi. Elə "Sent Etyen”dən aldığımız 1 xalı da pis nəticə saymaq olmaz.
- Komanda ümumi vəziyyəti nəzarətdə saxlaya bilir?
- Məncə, hə. Avropa Liqasının 1/16 finalına çıxmaq üçün şansımızı saxlayırıq. Ukrayna Kubokunda bir xeyli irəli gedə bilərik. Premyer Liqada isə vəziyyət göz qabağındadır. Fikirləşirəm ki, hansısa problemdən danışmağa səbəb yoxdur.
- Bu mövsüm daha çox oyun keçirirsiniz. Baş məşqçi Miron Markeviçin tələblərinə öyrəşə bilmisiniz?
- Ümumi götürsək, hə. Oyun planında hansısa çatışmazlıqlar ola bilər. Bunu da düzəltməyə çalışırıq. Görürəm ki, artıq nəsə alınır.
- Markeviçlə münasibətiniz qaydasındadır?
- Qısa müddətə "Volın”a icarəyə verilmişdim. Özümü yaxşı tərəfdən göstərib qayıtdım klubuma. Belə şeylərə görə pis olmuram, futbolda hər şey mümkündür. Çalışıram ki, daha çox məşq edim və "Dnepr”in əsas heyətinə düşməyə layiq olduğumu göstərim. Bu gün komandanın əsas heyət futbolçuları arasında yer almışamsa, deməli, hansısa inciklikdən, problemdən söhbət gedə bilməz.
- "Volın”da işlər necə idi?
- Orda daha çox məşqə üstünlük verirlər. Bilirsiniz ki, Vitali Kvartsyanının özünəməxsus məşq sistemi var. O, komandaya müxtəlif cür məşq keçir, futbolçuları çox yükləyir. Bunun mənə çox xeyiri oldu. Üstəlik Vitalinin mənimlə yaxşı münasibət saxlaması kömək etdi ki, yenidən "Dnepr”ə qayıdım.
- Donetskdə anadan olmusunuz, Poltavada ad çıxarmısınız, Kiyevdə çempion olmusunuz, amma doğma klubunuzu Dnepropetrovskda tapmısınız. Siz də belə düşünürsümüz?
- Bəli, tamamilə düz vurğuladınız. Demək olar ki, 5 ildir "Dnepr”in şərəfini qoruyuram. Bu komandanın artıq ürəyimdə yeri var. Karyeramın bütün mərhələlərini xoş xatirələrlə yadıma salıram. "Şaxtyor”dakı uşaqlıq illərini, Poltavadakı romantik futbolu və Kiyev "Dinamo”sundakı zəngin təcrübəni yaddan çıxarmaq olar?
- Turnir cədvəlinə baxdıqda "Dnepr”in bu mövsüm Ukrayna çempionu olma şansı real görünür. Siz necə fikirləşirsiniz?
- Qızıl – ümumiyyətlə, hamının arzusudur. Amma real mənzərədən söhbət gedirsə, hazırda fikrimiz yalnız "Qarabağ”la oyundur. Sadəcə, ona təəssüf edirəm ki, biz klubumuzun avrokubok oyununu doğma azarkeşlərimizin gözləri qarşısında keçirə bilmirik.