Azərbaycanın
"Qarabağ" futbol klubunun kapitanı Rəşad Sadıqovun müsahibəsi
- Ukrayna "Dnepr"i ilə bu gün - noyabrın 6-da keçirəcəyiniz oyun barədə nə deyə bilərsiniz?
-
Bizi çətin oyunun gözlədiyini anlayırıq. Rəqib Kiyevdə bizə uduzduqdan
sonra Bakıdakı təkrar qarşılaşmanın özləri üçün son şans ola biləcəyini
açıqlayıb. Digər tərəfdən, qeydə alınacaq nəticə "Dnepr"in şanslarını
davam etdirməsinə səbəb də ola bilər. Biz də bunu başa düşürük.
- "Dnepr" Bakıya psixoloji
zərbə ilə gəlib: Kiyev "Dinamo"su ilə matçda darmadağın olaraq,
liderliyini əldən verib. Əvəzində"Qarabağ"
"Araz Naxçıvan"ı 4:0 hesabı ilə yenərək, liderliyini davam etdirib.
Bunlar komandanız üçün əlavə üstünlük sayıla bilər?
-0:3 hesablı məğlubiyyətə baxmayaraq, "Dnepr"
"Dinamo"ya qarşı başa-baş mübarizə aparıb. Bu oyunu analiz
etmişik. Bilirik ki, ilk qol standart vəziyyətdən, ikincisi əks-hücumdan
vurulub. Rəqibin güclü olduğunu dərk edirik. Bu gün çalışacağıq ki, hər şey
yaxşı olsun.
- Kiyevdəki qarşılaşmada
"Dnepr"ın çıxışı əvvəllər analiz etdiyiniz oyunları ilə müqayisədə
sizi heyrətləndirmədi ki?
- Çalışmışdıq ki, rəqibi düzgün analiz edərək, oyuna daha yaxşı hazırlaşaq. Rəqibin
güclü olduğunu bilirdik. Bəlkə də Kiyevdəki oyunda kiməsə "Dnepr"
zəif görünüb. Amma matçın çox hissəsi ukraynalıların üstünlüyü şəraitində
keçdi. Biz daha çox müdafiədə oturaraq, rəqibi əks-hücumda yaxalamağa çalışdıq.
Allaha çox şükür, qələbə qazandıq. Qələbə həmişə şirindir. Bu, baş verəndə nə
özündə, nə də rəqibdə səhv axtarırsan. Amma yenə də hər şey qıraqdan daha yaxşı
görünür.
- "Dnepr"in tarixində ilk dəfə
Ukrayna çempionluğu üçün yaxşı şansları yaranıb. Rəqibin bu şansı sonadək əldən verməməsi daha real
görünür, yoxsa Avropa Liqasında hansısa mərhələyədək irəliləməsi?
- Mən belə düşünürəm ki,
"Dnepr" Ukrayna Premyer Liqasına da, Avropa Liqasına da eyni gözlə
baxır. Yoxsa
Avroliqanın qrupuna düşməyin nə mənası vardı? Onsuz da ölkə çempionatında
Avropa kuboklarına vəsiqə və qitə miqyasında özünü isbatlamaq üçün
oynayırsan. Xüsusən də belə güclü komandalar öz ad-sanlarını, keçirəcəkləri hər
bir oyunu düşünürlər. Bu mənada, "Dnepr"in Avroliqaya ikinci dərəcəli
turnir kimi yanaşdığı qənaətində deyiləm. Ukrayna yığmasının 5 futbolçusu,
başqa sözlə, təqribən yarısı bu klubda yer alıb. Rəqibin bizimlə görüşə necə
ciddi yanaşdığını özünüz də görəcəksiniz.
- Şəxsə nözünüz son oyunlarda elə
də xoş təsir bağışlamırsınız. Hətta baş məşqçi Qurban Qurbanov da
çıxışlarınızda enişin müşahidə olunduğunu etiraf edib...
- Bu açıqlama 2 ay öncə verilib.
Amma indi özümü daha yaxşı hiss etdiyimi düşünürəm. Hər matçda səhv də ola
bilər, pis oynamaq da mümkündür. Özünü yaxşı hiss edəndə belə, yaxşı oynayacağına
təminat yoxdur. Mümkündür ki, "Dnepr"lə görüşdə də zəif çıxış
edim, səhvlərim olub. Futbolda "Hər oyunu yüksək səviyyədə
keçirəcəyəm" deyə bir anlayış yoxdur. (Report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |