Azərbaycanın ilk
peşəkar boksçusu Fariz Məmmədovun Sportnet.az-a müsahibəsi
-
"AİBA Pro Boxing"dəki növbəti döyüşdə iştirakınız nə dərəcədə
realdır?
- Hazırda burnumda 2, gözümün altında isə 1
yerdən qırıq var. Bu halda əslində 3 ay peşəkar idmandan
uzaqlaşdırılmalıyam. Bu, sağlamlıq, peşəkar idmanda uzun müddət qalmağım üçün
lazımdır. "AİBA Pro Boxing"in həkimi isə məni 1 ay uzaqlaşdırıb.
Şübhəsiz ki, bu müddətdə idman etməməli, bərpa olmalıyam. Amma mən ilk
görüşümdən bir həftə sonra günaşırı məşqə çıxdım. Son məşqim noyabrın 8-də
oldu. Həmin gün çox yüklənmə ilə çalışdım. Bu da özünü səhhətimdə büruzə verdi.
Baş gicəllənməsi, ürək bulanması oldu. Zarafat deyil. İstəyim, xarakterim nə
qədər güclü olsa da, reallığı da nəzərə almamaq qeyri-peşəkarlıqdır. Bu,
bədəndir, canlı orqanizmdir. Söndüsə, getdi. Ha özünü öldür ki, mən döyüşmək
istəyirəm, elə deyil. Hazırda məşqlərimi davam etdirirəm. Bazar ertəsindən
xüsusi hazırlıqlarım başlayır. Hesab edirəm ki, bu həftənin sonunadək həkimlər
dəqiq qərar verəcəklər. Amma inanın ki, noyabrın 29-da növbəti döyüşümə çıxmağa
çalışır, o günlə yaşayıram.
-
Növbəti rəqibiniz haqqında nə bilirsiniz?
- O qədər də zəif rəqib saymıram.
Ümumiyyətlə, boksda qeyri-cidd rəqib olmur. Gözlənilməyən vaxtda bir zərbə
buraxarsan, onunla hər şey bitər.
- Demək
olarmı ki, "AİBA Pro Boxing"ə təmsilçilərimiz uğursuz başladılar?
Cavid Çələbiyev və Siz uduzdunuz, Məhəmmədrəsul Məcidova ilk döyüşdən imtinası
səbəbindən texniki məğlubiyyət verildi...
- Mən bunu bəxtsizliklə əlaqələndirərdim.
Amma uğursuz start əsl idmançılara bir stimuldur. Mayk Tayson deyib: "Hər
adam yıxılır. Amma yalnız güclülər ayağa qalxır və davam edirlər. Mən son
məşqimdə 48 dəqiqə ərzində yalnız bunu düşünmüşəm. Dəniz kənarında qumun
üzərində dayanmadan bu qədər qaçış mənə çətin idi. Burnum tutulmuşdu, beynimə
oksigen getmirdi, ağızla nəfəs alırdım. Qaça-qaça "Fariz, sən bunu
etməlisən" dedim. 48 dəqiqə qaçdım və bu tapşırığı 5 ballıq şkala ilə necə
lazımdırsa yerinə yetirdim. Amma otelə gəlib duş qəbul etdikdən sonra yerimə
uzandıqda nasazlıqlarım başladı. Yəni, biz Taysonun dediklərini həyatda
yaşayırıq. İxtiyarımız yoxdur ki, qalxmayaq, uğur əldə etməyək. Çünki beşikdən
laylamız idman havası ilə çalınıb. Əlimizdən Vətənimiz, millətimiz üçün bu
gəlir.
-
İndiyədək Azərbaycanda 3 döyüş keçirsəniz də, son 2-də uduzmusunuz. Halbuki
xaricdəki döyüşlərinizin əksəriyyətindən qalib ayrılmısınız. Doğma azarkeşlər
önündə məğlubiyyətinizin səbəblərini araşdırmısınız?
- Xaricdə özümü daha rahat hiss edirəm.
Bu, həqiqətdir. Fikir vermisinizsə, mən həmişə rinqdə əlimlə "2"
göstərirəm. Bu, ikinci dəfə qayıdışımı göstərir. Fariz Məmmədov həyata ikinci
dəfə 2012-ci ildə doğulub. Karyeramda məcburi fasilə verənədək belə bir problem
yox idi. Amma fasilədən sonra doğma divarlar arasında vuruşmaq mənə bir qədər
ağır gəlir. Bu döyüşlərin hazırlıq prosesində artıq ikinci dəfədir problem
yaşayıram. Məhəmmədrəsul Məcidov döyüşsəydi, mən rinqə çıxmayacaqdım.
Məsuliyyət mənim boynumda qaldığından və "AİBA Pro Boxing"in
qanunlarına əsasən, rinqə çıxmayana texniki məğlubiyyət yazıldığından, döyüşəsi
oldum. Hesab etdim ki, rinqə çıxmasam da, məğlubiyyət var. Amma çıxmaq
lazımdır. Çünki Azərbaycan Boks Federasiyası bu qədər əziyyət çəkərək, mənim də,
Məcidovun da döyüşlərini Bakıya saldırmış, təşkilati işlər yüksək səviyyədə
görülmüşdü. Özü də bilirdim ki, rəqibim 69 kq çəki dərəcəsində ən reytinqli
boksçudur. Bununla belə, ümid edirdim ki, bəlkə də bacararam. Rinqə
məğlubiyyətlə razılaşaraq, barışaraq çıxmamışdım. Bilirdim ki, məni nə gözləyir.
O istəklə çıxmışdım ki, 6 raund ərzində istədiyim zərbəni endirə biləcəyəm.
Amma istədiyim kimi döyüşə bilmədim. Sanki rinqdə Fariz Məmmədov deyildi. Zərbə
vura bilmirdim. Əllərim tutulmuşdu. Bunların da hamısı səhhətimlə bağlı idi.
-
"Məcidov döyüşsəydi, mən rinqə çıxmayacaqdım" dediniz. Səbəb nə idi?
- Səbəb o idi ki, döyüş öncəsi Qəbələdə 3
həftəyədək yüksək səviyyədə ümumi fiziki hazırlıq keçsəm də, Bakıdakı xüsusi
hazırlığın ilk günündən qrip xəstəliyinə yoluxdum. Nəticədə məndə olan xroniki
faringit xəstəliyi baş qaldırdı. Son günlərədək bu xəstəlikdən müalicə
olunurdum. Rinqə çıxanadək boğazıma sprey vurur, iynə-dərman qəbul edirdim.
Rinqə çıxanda düşünürdüm ki, doğrudanmı 6 raund ərzində Zamkovoya istədiyim
zərbəni endirə bilməyəcəyəm? Halbuki peşəkar idman döyüşə belə yanaşmanı
sevmir. Dırnaqarası münasibətim özünü döyüşün nəticəsində göstərdi. 2013-cü
ilin dekabrında Mattias Pelklə döyüşümə 2 həftə qalmış qabırğam sınmışdı. Rinqə
iynə ilə çıxmışdım. Nəticədə ən çox əziyyət çəkən də elə özüm, əzizlərim oldu.
Boksda təkcə məğlub olmursan. Həm də döyülürsən. Döyüldükdən sonra isə sənə
aylarla bərpa prosesləri keçmək lazım gəlir. Psixoloji cəhətdən məndə problem
yoxdur. Çünki 7 illik həbsxana həyatı mənə Allahın bir hədiyyəsi idi. Düzdür,
Pelkə Qəbələdə uduzduqdan sonra məndə psixoloji problem yaranmışdı. Amma
Zamkovoyla döyüşümün cəmi 6 raundluq olması və həvəskar boksdan gəlməsi məndə
özünəinam yaratmışdı. Amma eyni zamanda işimdəmn "Sən neynirsən, Fariz?
180 milyon əhali içərisindən bir nömrəli boksçu kimi çıxana qarşı vuruşmaq
olar?" sualı məni sıxırdı. Sanki mənə ikinci səhvə yol verdiyimə dair
xəbərdarlıq edirdilər. Amma digər tərəfdən, həbsxanadan gələn hiss mənə
"Bu rəqibi keçə bilərsən" fikrini təlqin edirdi. "Ağıllı
insanlar başqalarının səhvləri üzərində öyrənirlər" məsəlinə inanmıram.
İnsan öz səhvindən öyrənir. Hesab etmirəm ki, uduzmuşam. Sadəcə, geri addım
atmışam. Məğlubiyyət - döyüşdən sonra depressiyaya düşməyə, bir daha rinqə
çıxmamağa deyilir. Amma uğursuz çıxışım məni daha da həvəsləndirir, Qarşıdakı
döyüşlərimdə yalnız və yalnız qalib olacağıma inanıram.
- Bəs
düşünmürsünüz ki, eyni səhvi üçüncü dəfə buraxa bilərsiniz?
- Xeyr, mən bu dəfə risk etməyəcəyəm. Həkimlər
icazə verməsə, döyüşə çıxmayacağam. Artıq qurtardıq. Təbiətin qanunu ilə
kəllə-kəlləyə gəlməyin özü savadsızlıqdır. Nə qədər qəhrəman olursansa, ol, bir
şeyi anlamalısan və son döyüşümdən sonra mən də anladım ki, qəhrəmanlar yalnız
kinolarda olur. Bunu bütün idmançılara tövsiyyə edirəm: Hər hansı yarış öncəsi
problem yaşadınızsa, qətiyyən döyüşə çıxmaq olmaz.
- Bəs
karyeranızı nə zaman başa vurmağı düşünürsünüz?
- Əvvəlcə gələcəkdə uğuru necə qazanmağı
fikirləşməliyik. Bunun üçün dillə deyib, qəlblə təsdiqləyib, əməllə göstərmək
lazımdır. Mən sizi əmin edirəm ki, böyük uğurlar irəlidədir. Hamınızı
sevindirəcəyəm. Çalşşacağam ki, Azərbaycana, millətimə layiq övlad olum.
Karyeramı nə zaman bitirəcəyimə gəldikdə, özümü idmansız hesab etmirəm. Hazırda
34 yaşım olsa da, bu, mənə maneçilik törətmir. Mənə karyeramda 7 il məcburi
fasilə verməyim mane olur. Hesab edirəm ki, bu boşluğu 2015-ci ildə aradan
qaldıracağam. Rinqə cəmi 2 ildir qayıtmışam. Bu müddətdə yalnız rinqlərdə,
yarışlarda olmuşam. Karyeramı bitirəcəyimə dair konkret yaş həddim yoxdur.
Qarşıda şəxsi həyatım var. İnsan şəxsi həyatını sənətinə, işinə qurban
verməməlidir. Sadəcə, hər dəfə deyirəm ki, filan nəticəni əldə edim, sonra
karyeramı bitirim. Şəxsi işlərimi gələn ilin yanvarınadək təxirə salmışam.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməsəm,
peşəkar boksçular arasında həqiqi dünya çempionluğu uğrunda mübarizə
aparacağam. Olimpiadaya lisenziya qazansam, hədəfim finala vəsiqə olacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |