Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak etmək üçün Bakıda səfərdədir. Sportnet.az-ın məlumatına görə, bu gün UWW prezidentinin iştirakı ilə Azərbaycan Güləş Federasiyası (AGF), Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Avropa Olimpiya Komitəsinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə I Avropa Oyunlarının güləş yarışlarına hazırlıq məsələləri müzakirə olunub. Tədbirdə iştirak edən AGF-nin I vitse-prezidenti, UWW İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev, baş katib Əjdər Cəfərov, Yunanıstan Milli Olimpiya Komitəsinin rəhbəri, Avropa Olimpiya Komitəsinin idman üzrə baş məsləhətçisi Makis Asimakopoulos, I Avropa Oyunlarının koordinasiya komissiyasının sədri Spiros Kapralos və Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs O Kallahan güləş yarışlarına hazırlıq işləri barədə məlumatlandırılıb.
Avropa Oyunları Əməliyyat Komitəsinin güləş yarışları üzrə meneceri Ramil Əhmədov Heydər Əliyev adına İdman və Konsert kompleksinin təmirdən sonrakı vəziyyəti, tribunaları, məşq zalları, güləşçilər üçün yaradılacaq şərait, yerləşdirmə, nəqliyyat, qidalanma və digər məsələlər barədə təqdimat edib. Görüş iştirakçıları hazırlıq işlərini yüksək qiymətləndirib, Avropa Oyunlarında güləş yarışlarının da yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə ediblər.

Eyni zamanda qeyd olunub ki, 2015-ci il aprelin 16-dan 19-dək Bakıda AGF Kuboku uğrunda növbəti beynəlxalq turniri keçiriləcək. Bu turnir Bakı-2015 I Avropa Oyunlarına hazırlıq çərçivəsində test xarakteri daşıyacaq.
Görüşdən sonra Laloviç fikirlərini jurnalistlərlə bölüşüb: "Görülən işlərdən razı qaldım. Bakının Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə şübhəmiz yoxdur. Gələn il Avropa çempionatını keçirməmək qərarına gəlmişik. Həmin yarışları məhz Avropa Oyunları əvəz edəcək. Biz də öz növbəmizdə Avropa Oyunlarının keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq”.
Əliyev isə deyib: "Biz I Avropa Oyunlarına hazırlıqları müzakirə etdik. Laloviç güləş yarışlarının keçiriləcəyi arena ilə tanış oldu. Avropa Oyunları ərəfəsində Bakıda Federasiya Kuboku turniri keçirəcəyik. Bu yarışlar test xarakteri daşıyacaq. Ümumiyyətlə, Bakı-2015 I Avropa Oyunlarına hazırlıqlar yüksək səviyyədə davam etdirilir. Əminəm ki, Azərbaycan güləşçiləri paytaxtımızda keçiriləcək yarışlarda yüksək nəticələr qazanacaqlar”.
Qeyd edək ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarında güləş yarışları Heydər Əliyev adına arenada olacaq və 6 gün davam edəcək. Burada 480 güləşçi 24 dəst medal uğrunda mübarizə aparacaq.