Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Natəvan Qasımovanın Sportnet.az-a müsahibəsi
- Azarkeşlərin azlığının oyununuza təsiri necə olur?
- Əvvəllər Bakı İdman Sarayında olanda yerinin rahatlığına görə insanlar daha çox gəlirdi. Dərnəgüldə bu zal yeni tikildiyindən, bir az da yolun uzaqlığından və insanlar buranı çox tanımadıqlarından, tamaşaçıların sayı azalıb.
- Portuqaliyaya məğlubiyyət sizin üçün gözlənilməz olmadı?
- Hər bir ölkədə özünə görə idmanın səviyyəsi var. Portuqaliya yığmasının baş məşqçisi dedi ki, Azərbaycan millisi üzərində qələbədən sonra yəqin ki, öz ölkəsində voleybol daha yüksək səviyyəyə qalxacaq. Çünki futbollarını bilirik. Voleybolda gördük, bütün internet yazırdı. Bir də çox gənc voleybolçuları var, çox da istəklidirlər. Hamısı topa acdırlar. Elə də güclü oyunçuları yoxdur, amma hər topun üstündə vuruşurlar. Bu da sevindirici haldır. Mən oynadığım komandaya görə deyirəm, Portuqaliyadakı gənc oyunçuların daha çox ehtiyacı var. Futbol kimi inşallah inkişaf edərlər.
- "Eurovision” mahnı müsabiqəsinin qalibi Konçita barədə danışaq, bu qələbəni necə qarşıladınız?
Off, heç tanımıram onu mən. Hər il izləyirdim, xüsusilə, Azərbaycanda keçiriləndə. Bu il heç xəbərim yoxdur, bilmədim ki, keçirilir, ya yox. Onu görəndə özüm şoka düşdüm. Finalda, "Facebook”dakı şəkillərini görəndə şoka düşdüm ki, bu kimdir? Sonradan bildim ki, o, qalib gəlib. Yəni, elə bir tipi Avropa necə qəbul edir, mən də hələ başa düşmüş deyiləm. Azərbaycan qatılmalıdır, bildiyimə görə Türkiyə etiraz edib, 2-3 ildir iştirak etmirlər, amma Azərbaycanımızın adıdır, niyə də yox, burda keçiriləndə bütün dünya bizi tanıdı. "Crystal Hall”da olan tədbiri necə gözəl təşkil etmişdik. Amma bu adama hələ də inana bilmirəm.
- Bəs bizim kişilər də Konçitadan nümunə götürməyə başlasalar, necə?
Qətiyyən, yox! Belə şeylərin əleyhinəyəm. Mən qəbul eləmərəm. Qəribə gəlir mənə. Düzdür, deyirlər ki, Avropada normallaşıb, amma bizə görə deyil. Məncə, özünü göstərməlisən, gedib özünü meymun şəklinə salıb, ad qazanmaq olmaz.
- Həyatda hədəfiniz nədir?
- Ailə qurmazdan əvvəl bir həyatım vardı. Əlbəttə, ana, ata - bunlar başqadır. Amma tək düşündüyüm şey voleybol həyatı idi. Çünki biz burda ailə kimi yaşayırıq. Bütün günü - 24 saat birlikdəyik. Anamı, atamı, bacımı görmədiyim qədər baş məşqçimiz Faiq Qarayevlə, digər məşqçilərlə, qızlarla birlikdəyik. Amma ailə qurduqdan sonra, həm iş həyatın var, həm də ailə. Əlbəttə, çətin olur. Yoldaşım menecer olduğundan, tez-tez xaricə gedir. Mən də başqa ölkələrə gedirəm. Oyunlar, təlim-məşq toplantıları müəyyən çətinliklər yaradır. Amma çox gözəl duyğudur.
- Bir çox əcnəbi voleybolçu çimərlik geyimlərində şəkillərini sosial şəbəkələrdə paylaşır və gözəlliklərini bu tərzdə nümayiş etdirdiklərini deyirlər. Sizcə, bizim voleybolçular niyə bunu etmir?
- Bizim işimiz elədir ki, bu dəqiqə sizin qarşınızda da şortik, maykada oturmuşam. Səhnə geyimimiz budur. Evli olmadan öncə mənim də çimərlik paltarında şəkillərim olub. Amma onu insanlara göstərmək üçün yox, gözəl bir şəklimi paylaşmaq istəyilə internetdə qoymuşdum. Bu, bədənimi çöldə qoyum, hamı görsün, o fikirlə deyildi. Amma ailəli olduqdan sonra, o şəkillərin hamısını götürmüşəm. Hətta belim açıq qaldıqda yoldaşım etiraz edir. Bu da mənim xoşuma gəlir. Voleybolu belə geyimdə oynamaq mənim işimdir. Çöldə isə hərə öz yerini bilməlidir. Amma subay qızlarımız var, şəkillərini qoyurlar. Bu hamının öz istəyidir, azad istəkdir. Mən buna qarşı deyiləm.
- İstər karyera, istər xarakter, istərsə də xarici görünüşcə özünüzü kimə bənzədirsiniz?
- Özümü heç kimə bənzətmirəm. Voleybolda da kimisə gördüm, bəyəndim istəyi olmamışdı. Sadəcə, məktəbdə bir-iki dəfə məşqlərə qoşulduqdan sonra voleybolçu olmaq istədim. Əvvəllər oyunçuların heç birini tanımırdım, 14-15 yaşlarımda bu istək məndə oldu. Sonra o zamanlar "Azəreyl” kuboku qazandıqdan sonra voleybolun Azərbaycanda da inkişaf etdiyini düşündüm. Çünki əvvəllər istəyim futbol idi. Voleybola "o oyunçuya həsrətəm” istəyi ilə gəlməmişəm. Sadəcə öz istəyimlə… Daha sonra Faiq müəllim məni irəli çəkdi.
- Niyə futbolun arxasınca getmədiniz?
- O zamanlar nə Avropada, nə də dünyada qadın futbolu var idi. Atamla anam da buna qarşı idi: "Qız nədir, futbol nədir?" Ona görə də çətinliklə voleybola öz istəyimlə getməyə nail oldum.
- Voleybolçu çox qazanır, yoxsa müğənni?
- Müğənnilərin nə qədər qazandıqlarını bilmirəm..
- Orta hesabla, 7000 - 10000 manat...
- Onda mən öz qazancıma baxanda deyərəm ki, müğənnilər. Bu günümə şükür edirəm. Əvvəllər düşünsəydim ki, bu günlərə gələcəyəm, heç fikirləşməzdim. Ad-sanına görə idmançı var ki, milyonluq oyunçudur.
- Müğənnilərdən kimlərin ifalarını dinləyirsiniz?
- Əvvəllər Ədalət Şükürov, Tünzalə Ağayevanın bəzi mahnılarını və Faiq Ağayevin ifalarını çox sevirdim. Şou-bizneslə o qədər də maraqlanan insan deyiləm. Xaricilərdən də Şakiranı dinləyirəm. Musiqi diplomum var, amma musiqiyə o qədər də fikir vermirəm.
Sevinc XANQIZI