Avropa Liqasının qrup mərhələsində dünən İtaliya "İnter"i ilə oyundan 0:0 hesablı heç-heçə ilə ayrılan Ağdamın "Qarabağ" klubunun bu gün mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, matçda hakimin "Qarabağ"ın qolunu hesab almaması klub rəsmilərini özündən çıxarıb. Bununla bağlı klubun vitse-prezidenti konfransda bunları dilə gətirib:
Mənim gördüyüm qədəri ilə uzun şərhə ehtiyac yoxdu. Dünən oturduğum yerdə pozision etibarı ilə görə bilmədim. Ancaq dedim ki, klub olaraq baxıb, qiymət verəcəyik. Hər kəs bunun şahidi oldu. Dünən "Qarabağ" Milan klubunu uddu. Ancaq hakim qolumuzu ləğv etdi. "Qarabağ"ın qolu mübahisə edilməzdir. Bu komanda dekabrın 15-də Nyona yollanmalı idi. Mən bu günü həsrətlə gözləyirdim, ancaq alınmadı. Biz səssiz qalmayacağıq, UEFA-ya öz etirazımızı bildirəcəyik. "Qarabağ" öz gücünü isbat etmiş bir klubdur. UEFA mədəniyyətlərdən, məqsədlərdən danışır. Onlar da təsdiq etsinlər ki, bu qələbə bizim əlimizdən alınıb. Hətta nəticəyə təsir etməsə də belə.
Tarixi bir qələbə bizim əlimizdən alınmışdır. Ancaq həyat davam edir. "Qarabağ"ın gözəl təsislərini görürsünüz. Güman edirəm ki, növbəti ildə qismət olsa, bu uğuru təkrarlamaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, UEFA bu səhvi yenidən təkrarlamamaq üçün daha diqqətli olacaq və təcrübəli hakimlərə təyinat verəcək. Dünənki "Qarabağ" - "İnter" oyunu 1:0 hesabı ilə bizim xeyrimizə başa çatıb.
Biz klub olaraq bu işin arxasınca getməliyik. Digər ölkələrdə, Türkiyədəki mətbuatdakı dostlarımıza da bu barədə məlumat vermişik.
- Qələbəyə layiq mükafat futbolçulara çatdırılacaq?
- Dünənki qələbə statistikada heç vaxt görünməyəcək. Ancaq mənim arzum odur ki, bu oyun "Qarabağ"ın "İnter" üzərində 1:0 hesablı qələbəsi kimi yadda qalsın. Amma bunu biz biləcəyik, statistika yox. Mükafata gəldikdə isə, biz Avroliqadakı oyunlar üçün gələn pullar futbolçularla bölünür. "Qarabağ"ın büdcəsi məhduddur. Qurban müəllimlə söhbətləşəcəm, bir qərar qəbul etməliyik ki, bu işi necə həll edək.
- "Qarabağ" 3 dəfə play-off-a qədər gəldi. Sonda isə qrupa düşdü. Bu məqsədlə heyəti yeni avrokubok mövsümünə hazırlamaq üçün qışda hansı işlər görüləcək?
- Yeni "Qarabağ"ın müjdəsi bu təsislərdədir. Etiraf edək ki, bu pilləyə çox çətin vəziyyətdə gəlmişik. Biz öz aramızda bunu müzakirə edəcəyik. Qurban Qurbanovun tələbləri qiymətləndirilir və rəhbərlik olaraq buna müsbət yanaşırıq. Bizim 3 əsas oyunçumuz yox idi, amma yaxşı oyun göstərdik.
- Sizcə siyasi amillərin həmin 94-cü dəqiqəyə yansıdığını düşünmürsünüz?
- Bunu qəbul etmək mənim üçün ağırdı, amma faktla danışmalıyıq. Dünən oyundan sonra məndən fikrimi soruşdular və həmin epizodu dəqiq görmədiyimi dedim. İstəmirəm ki, sübut olunmayan məqamlara toxunum. Gün kimi açıq və sadə bir epizodda bu qərarın qəbul olunması sual doğurur.
- Qrup mərhələsinin son oyunlarında zədəli futbolçuların olması problem yaradırdı. Avropa təcrübəsi də yaşadınız, legioner limitinin çoxaldılması ilə bağlı Klublar Komitəsinə müraciət etməyi düşünürsünüz? Çünki limitin dəyişdirilməsi gündəmdədir.
- İndiki sxem elə qurulub ki, hər kəs tezliklə uğur qazanır. Limit çox olsa, legionerlə gedib uğur qazanmaq asandır. Ancaq mən ürəklə "qaldırılsın" deyə bilmərəm. Biz öz gücümülə azəbaycanlı futbolçuları yetişdirməliyik.