"Rəqib istədiyimiz səviyyədə olmadı. Ona görə deyərdim ki, bu gün yaxşı məşq keçdik. Məşqlərdə olduğu kimi hər şey alınırdı”. Sportnet.az-ın Türkiyənin Antalya bölgəsində olan əməkdaşının məlumatına görə, bunu İsveçrənin "Benfika” (Sürix) komandası üzərində 9:0 hesablı qələbə ilə nəticələnən yoldaşlıq görüşündən sonra Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Təbriz Həsənov deyib.
Gənc mütəxəssis bildirib ki, belə qarşılaşmadan sonra oynamaq daha çətin olur. Çünki futbolçularda arxayınçılıq yaranır: "Düşünürlər ki, bütün rəqiblər belədirlər. Ancaq Belarus klubu ilə növbəti oyunda çalışacağıq futbolçularımızı daha yaxşı çıxış etmələri üçün hazırlayaq. Çünki nə qədər güclü rəqiblə oynasaq, o qədər komandanın müsbət və mənfi cəhətlərini tez biləcəyik. Baş məşqçi kimi istərdim ki, növbəti oyunları daha güclü rəqiblərlə keçirək”.
Zəif rəqibin seçilmə səbəbinə gəlincə, Həsənov bunu "Benfika”nın onlara güclü komanda kimi təqdim edilməsi ilə əlaqələndirib: "Bizə demişdilər ki, İsveçrənin bir yaş böyük - U-17 "Benfika" akademiyasının komandası ilə oynayacağıq. Yəni, güclü rəqib kimi təqdim etmişdilər. Ona görə razılaşdıq. Ancaq oyun zamanı zəif olduqlarını gördük. Rəqibin gücü barədə məlumatım yox idi. Belə zəif komanda olduğunu bilsəydim, razılaşmazdım”.
Baş məşqçinin sözlərinə görə, məhz rəqibin zəifliyi üzündən 77-ci dəqiqədə Tural Əjdərlinin qırmızı vərəqə alaraq, millini azlıqda qoymasından sonra meydana yeni oyunçu buraxmağa ehtiyac görməyib. Halbuki "Benfika”nın oyunçusu ilk yarıda meydandan qovulduqdan sonra, qarşılıqlı razılıq əsasında yerinə başqası oynayıb və rəqib yenə 11 futbolçu ilə çıxışını davam etdirib: "Bizim oyunçu qırmızı vərəqə alanda onun əvəzinə başqa futbolçunun meydana çıxmasını lazım bilmədim. 10 oyunçu ilə davam etsək də, komandamızın azlıqda qalması bilinmədi”.
Böyük hesablı qələbəyə və aşkar üstünlüyə rəğmən, Həsənov bildirib ki, komandasından narazı qaldığı məqamlar da olub. O, həmin məqamları futbolçularla təhlil edəcəyini açıqlayıb. Baş məşqçi meydanın vəziyyətinin də oyuna təsirsiz ötüşmədiyini söyləyib: "Futbolçular texniki fəndləri istədikləri kimi həyata keçirə bilmədilər. Mənim narazılığım odur ki, futbolçu gərək hər bir meydanda oynamağa hazır olsun. Hər yerdə ideal meydança olmur. Biz Bakıda süni meydanda hazırlaşmışdıq. Buradakı təbii örtüklü meydança isə istədiyimiz kimi deyildi”.
Gənc mütəxəssis daha bir çatışmazlıq kimi son nöqtəni qoymaqda problemlə üzləşmələrini vurğulayıb: "Oyunda futbolçular taktiki hazırlığımıza uyğun bəzi məqamları yerinə yetirdilər, bəzi məqamlar isə alınmadı. Son məqamda həlledici zərbə, qol vurmaq və s. məsələlərdə problemlər var. Adi qol epizodlarından futbolçular istifadə edə bilmədilər. Güclü rəqibdən sonra oyunumuzu daha yaxşı təhlil edəcəyik ki, səhvlərimizin üzərində işləyək”.