"Bakı 2015" I Avropa Oyunlarının növbəti təqdimat mərasimi İtaliyanın paytaxtı Romada keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu məqsədlə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İtaliyada rəsmi səfərdədir.
Bu gün Romadakı "Galleria nazionale d'arte moderna"da (Müasir İncəsənət Milli Qalereyası) baş tutacaq tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo, İtaliyanın təhsil naziri Stefania Cannini və digər rəsmilər iştirak edəcək.
"Bakı 2015" I Avropa Oyunlarının təqdimatı çərçivəsində 300-ə yaxın qonaq ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış ola biləcəklər.
Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.