Bu gün İdman Araşdırmalar Mərkəzinin (İAM) Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına həsr edilmiş FUTPROQNOZ yarışmasının açılış və püşkatma mərasimi keçirilib. Yarışmanın informasiya dəstəkçisi Sportnet.az-ın redaksiyasında baş tutan mərasimdə "Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov, "Qəbələ”nin müdafiəçisi Rail Məlikov və media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İAM-ın sədri Elşən Məmmədov qonaqları salamladıqdan sonra, rəhbəri olduğu Mərkəzin Azərbaycanda Olimpiya hərəkatı və idmanın inkişafına dəstək məqsədi ilə yaradıldığını qeyd edib. O, FUTPROQNOZ yarışmasının bu gecə Braziliyada start götürəcək dünya çempionatına həsr olunduğunu vurğulayıb:
- Bu, bizim ilk layihə deyil. Daim idmanımıza yeni nəfəs gətirməyə çalışmışıq. Bu dəfə də çalışdıq ki, dünya çempionatı həyəcanını sizlərə daha da yaxınlaşdıraq. Yarışmanın qaydaları barədə layihənin ideya müəllifi, əməkdaşımız Ceyhun Əliyev sizlərə ətraflı məlumat verəcək. Öz növbəmdə qeyd etmək istəyirəm ki, dünya çempionatında çıxış edən komandaların sayına uyğun olaraq, FUTPROQNOZ iştirakçılarını da formalaşdırmışıq. Məlum olduğu kimi, mundialda Avropa, Asiya, Cənubi və Şimali Amerika, habelə Afrika qitələri təmsil olunurlar. Biz də həmin qitələrin təmsilçilərinin sayına uyğun olaraq, idman jurnalistlərini, futbol veteranlarını, hakimləri, futbol funksionerlərini və futbolçuları ayırmışıq. Sonda layihəmizin həyata keçməsində bizə dəstək olan sponsorumuz "Kolizey İnşaat”a təşəkkürümü bildirirəm”.
Daha sonra çıxış edən Sportnet.az-ın əməkdaşı Ceyhun Əliyev qonaqları və iştirakçıları yarışmanın qaydaları ilə tanış edib:
- Qrup mərhələsində püşkatmaya uyğun olaraq, hər iştirakçı bir yığmanı təmsil edəcək. Hər iştirakçının komandası oynadıqda konkret nəticəni proqnozlaşdırır. Məsələn, Braziliya – Xorvatiya görüşünə Braziliyanı təmsil edən iştirakçı 2:0 cənubi amerikalıların qələbəsini proqnozlaşdırır, Xorvatiyanı təmsil edən iştirakçı isə cənubi amerikalıların 4:1 hesablı qələbəsini proqnozlaşdırır. Qarşılaşma 4:1 hesabı ilə Braziliyanın xeyrinə başa çatarsa, Xorvatiyanı təmsil edən iştirakçının aktivinə 3 xal (dəqiq nəticəni tapdığına görə), Braziliyanı təmsil edən iştirakçının aktivinə 1 xal (qalibi düzgün müəyyənləşdirdiyinə görə) yazılır. Qarşıalşma Braziliyanın 3:1 hesablı qələbəsi ilə nəticələnərsə, Braziliyanı təmsil edən iştirakçının aktivinə 2 (udan komandanın neçə top fərqi ilə qalib gəldiyini düzgün müəyyənləşdirdiyinə görə), Xorvatiyanı təmsil edən komandanın aktivinə isə 1 xal yazılır. Beləliklə, hər iştirakçı qrup mərhələsində 3 oyuna proqnoz verir. İştirakçıların hər oyunda yığdığı xallar qrup mərhələsi başa çatdıqdan sonra toplanır və hər bir qrupdan ən yaxşı nəticəni göstərmiş 2 iştirakçı 1/8 finala vəsiqə qazanır.
Əgər 2 və daha çox iştirakçının xalları eyni olarsa üstünlük aşağıdakı meyarlar üzrə veriləcək:
A) Daha çox dəqiq nəticə müəyyənləşdirən
B) Şəxsi görüşlərdə daha dəqiq nəticə müəyyənləşdirən
C) Püşkatma nəticəsində
1/8 finala vəsiqə əldə etmiş iştirakçılar pley-offlarda 1 oyuna proqnoz verəcəklər. Ancaq hər növbəti mərhələdə düzgün müəyyən edilən nəticələrə görə daha çox xal veriləcək.
Bundan sonra püşkatmaya start verilib.
İlk olaraq Avropa qitəsini təmsil edən media mənsubları üçün püşk atılıb. İdman mətbuatı üçün püşkü Apasport.az-ın əməkdaşı Tahir Hümmətov çəkib.
Afrika qitəsininin – futbol veteranlarının püşkünü təcrübəli idman yazarı Mehman Süleymanov çəkib. Lakin veteranların yığma komandalarını müəyyən etməmişdən öncə həmkarımız layihə barədə fikirlərini bölüşüb: "FUTPROQNOZ-un şərtləri barədə məlumat aldıqdan sonra nə dərəcədə maraqlı bir layihə olduğunu anladım. Əlbəttə, istərdim ki, bizim millimiz də dünya çempionatında iştirak etsin. Ancaq düşünürəm ki, layihə hər bir iştirakçını bir qədər də olsa, mundiala yaxınlaşdıracaq. Rail Məlikov və Ceyhun Sultanova isə nə vaxtsa məşqçi kimi mundial xoşbəxtliyi yaşamağı arzu edirəm”.
"Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov futbol funksionerləri üçün Cənubi Amerika qitəsini "bölüb”.
"Futbol+” qəzetinin əməkdaşı Tahir Məmmədli hakimlərin təmsil etdikləri Asiya qitəsi üçün püşkü çəkib.
Futbolçular üçünsə "bölgü”nü isə Rail Məlikov aparıb.
Bundan sonra yenidən söz alan İAM-ın sədri Elşən Məmmədov bu gün daha bir əlamətdar hadisənin olduğunu bildirib: "Bu gün millimizin sabiq pleymeykeri Ceyhun Sultanovun 35 yaşı tamam olur. Bu xoş gün münasibəti ilə "Sumqayıt” rəsmisini təbrik edirik və onun şərəfinə aldığımız tortu kəsməsini xahiş edirik”.
Sultanov isə öz növbəsində doğum gününü yaddan çıxarmadığımız üçün təşəkkürünü bilrdirib və ardından sabah fəaliyyətə başlamasının 1 ayı tamamlanacaq Sportnet.az-ın əməkdaşlarına uğurlar arzulayıb: "Öz növbəmdə söz verirəm ki, Sportnet.az-ın 1 yaşı tamam olduğu gün mən də tortla redaksiyanıza gələcəyəm”.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
Əlavə edək ki, FUTPROQNOZ yarışması bu gecə Braziliya – Xorvatiya oyunu ilə start götürür və dünya çempionatı başa çatanadək davam edəcək.
Püşkatmanın nəticələri ilə
bu linkdə tanış ola bilərsiniz...