Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Sportnet.az-a müsahibəsi
- Uzun marafon arxada qaldı və mövsüm başa çatdı. Topaz Premyer Liqasının yeni format Sizi razı saldımı?
- Gözlədiyimdən yaxşı alındı. Çempionatda format
dəyişildikdən sonra fikirləşirdim ki, son 4-5, bəlkə də 10-a yaxın
tur maraqsız keçəcək. Ancaq mənasız keçmədi. Özünüz də gördünüz ki, sona 1 tur
qalmışa qədər Premyer Liqada intriqa qalırdı. Hətta mən deyərdim ki, sonuncu
turda 2-ci, 3-cü yerlər uğrunda mübarizə də böyük marağa səbəb oldu. Yəni,
gözlədiyimizdən də yaxşı oldu.
- Ancaq yüksək pillədə qərarlaşmış komandalarla
aşağıdakılar arasında böyük fərq yarandı...
- Bəs oyuna əsasən? Oyuna əsasən elə bir fərq olmadı.
"Sumqayıt” komandası mövsümü 9-cu yerdə başa vurdu. Amma 2-ci, 3-cü yerdə gedən
komandalardan xal ala bildi. Deməli çempionat maraqlı keçdi. "Sumqayıt”ın
Premyer Liqanı tərk etmək ehtimalı olsa belə. Çempionat başlamamışdan öncə
bilinirdi ki, hansı komanda qızıl medallar uğrunda mübarizə apara bilər.
"Sumqayıt”, "Rəvan”da çıxış edənlərin hamısı gənc futbolçulardır. Transferlərə
əsasən də demək olardı ki, bu komandadan bir şey gözləmək olar, ya yox.
- Mövsüm davam edərkən gah açıqlama verildi ki, komandaların sayı artırıla bilər, gah lisenziya məsələsi gündəmə gəldi. "Rəvan” da buna etiraz etdi ki, biz fikrimizi Azərbaycan Kubokuna yönəltmişik, amma AFFA prezidenti Rövnəq Abdullayevin növbəti açıqlamasından sonra bütün planlarımız pozuldu…
- Rövnəq müəllim deməsə də, mən o fikirlə razı deyiləm. Reqlament dəyişikliyi olacaqdı, 12 komanda olacaqdı... Bunlar o demək deyil ki, mən uduzmalıyam və ya fikirimi başqa yerə yönəltməliyəm. Komandanın fikri başqa haraya yönəlməlidir ki? Kuboka deyirlər? Kubokda oynadılar da. Deyirlər ki, əsas heyət üzvlərini kubok oyunlarına saxlayırdıq. Kuboku götürsələr nə olacaqdı? Məgər belədə, Premyer Liqadakı yerlərini qoruyacaqdılar? Onların bu fikri ilə razı deyiləm.
- Artıq Premyer Liqada 10 komandanın olması rəsmiləşib?
- Bəli.
- Sizcə, "Araz Naxçıvan” Premyer Liqaya rəng qata biləcəkmi?
- Azərbaycan futbolunda son 10 ildə, necə ki, "Xəzər Lənkəran” səs saldı, dönüş yaratdı, mənə elə gəlir ki, "Araz Naxçıvan” da elə edəcək.
- Ötən mövsüm AFFA belə bir qərar vermişdi ki, Naxçıvana gedə bilməyən I divizion komandalarına köməklik olunsun. Bəs Premyer Liqa komandalarının da Muxtar Respublikaya yollanmalarına yardım ediləcək?
- Premyer Liqa klubları bu cür problemlə üzləşə
bilməzlər. Elita təmsilçilərinin maddi durumları bəllidir.
- Onların Naxçıvana gedişlə bağlı heç bir şikayəti olmayıb?
- Xeyr. Deyə də bilməzlər.
- Premyer Liqa və Azərbaycan Kubokuna sponsurluqla bağlı məsələlər nə yerdədir?
- Premyer Liqanın sponsoru var. Bu, "Topaz"dır. Azərbaycan Kubokunda da sponsorun olması mümkündür. Amma ortada bir şey yoxdur.
- Amma fərqli bir ideyanın olduğunu da açıqlamışdınız...
- Çempionat başa çatanadək dəfələrlə müqavilə imzalamaq təklifi irəli sürürdülər. İndi də danışarıq, şərtlərə baxarıq. İrəli sürəcəkləri şərtlər bizə uyğun gəlsə, razılıq verəcəyik.
- "Bakı” klubu ətrafında son vaxtlar bəzi söz-söhbətlər gəzir…
- Nə ilə bağlı?
- Maliyyə problemi ilə bağlı. Yəqin ki, sizdə daha dəqiq məlumat olar...
- Heç bir məlumatım yoxdur. Yaşar Seyidovla da əlaqə saxlamışıq. Klubda vəziyyət yaxşıdır. Bizdə "Bakı” klubu ilə bağlı heç bir mənfi məlumat yoxdur. İnanmırıq da, olsun. "Bakı”nın gözəl bazası, uşaq məktəbləri var. İnanırıq ki, əvvəlkindən də yaxşı olacaq.
- Növbəti mövsüm üçün hansı yeniliklər etmək fikiriniz var?
- Bununla bağlı danışa bilmərəm. Onu püşkatmada deyəcəyəm.
- Ümumiyyətlə, nə isə yenilik gözlənilir?
- Bəli, gözlənilir. Ancaq bu barədə indi məlumat vermək istəmirəm.
- Azarkeş marağı Sizi qane etdimi? Əgər əvvəlki illərdə ümumi fanat sayı "Xəzər Lənkəran”ın hesabına formalaşırdısa, cari mövsümdə bu da olmadı...
- Hesab edirəm ki, bu mövsüm "Qəbələ” "Xəzər Lənkəran”ın
ötən il topladığı azarkeşlərdən daha böyük fanat ordusuna sahib idi. Azərbaycan Kubokunun builki və ötənilki fanat sayını nəzərə alsaq, görərik ki, cari
mövsümdə "Qəbələ” cənublulardan daha çox azarkeş toplayıb. 32 minlik Respublika Stadionunun, demək olar ki, yarısını doldurmuşdular.
- Bəs azarkeşlərin tribunalara daha çox gəlməsi üçün nə kimi yeni ideyalarınız var?
- AFFA prezidenti Rövnəq Abdullayev yaxşı bir təklif verdi, amma klublar bunu bəyənmədilər. Rövnəq müəllim 2-3 il əvvəl dəfələrlə təkrar elədi ki, yenə də paytaxtda qalın, amma "İnter”in adını dəyişib "Keşlə-Bakı” edin, "Bakı” olsun "Biləcəri”. Yəni yerlilər də bilsinlər ki, bu, onların komandasıdır. Bunun nəyi pisdir?
- Bəs Bakıdakı Respublika stadionu boş qalmayacaqdı? Axı bu arenanın əsaslı təmirinə milyonlar xərclənib...
- Onu da mən düşünməliyəm? Konsert verərik (gülür - red.). Əvvəllər klubların stadionları yox idi. Amma, bu dəqiqə hamının - AZAL, "Neftçi”, "Rəvan”, "Bakı”, "İnter”in stadionları var. Ona görə mərkəzi arena boş qalıb.
- "Qarabağ” yenə ev oyunlarını Bakıda keçirəcək?
- Bunu soruşmamışam. Hələ klubdan ərizə gəlməyib. İnşallah, yayda "Qarabağ" Çempionlar Liqasındakı oyunlarını Respublika stadionunda keçirəcək. Həmin arenadakı oyunların özü tamaşaçılara bir həzz verir. Mən cənab prezidentə də, gənclər və idman naziri Azad Rəhimova da dəfələrlə həm öz, həm də azarkeşlər adından minnətdarlığımı bildirmişəm ki, belə bir stadionu ərsəyə gətirdilər. Doğrudan da adam burada oyunu izləyəndə özünü sanki Avropada hiss edir. Artıq 100 azarkeşin səsi 10000 azarkeşin səsinə bərabərdir. Oyunçular da özünü stadionda başqa ab-havada hiss edir. İndi klublar burada oynamaq istəmirlərsə biz onları məcbur edə bilmərik. Azad klublardır, istədiyi yerdə oynayarlar, istədikləri oyunçuları da alarlar. Bir neçə dəfə bildirmişəm ki, çalışın yerli məşqçilərlə işləyin. Ad çəkmək istəmirəm, amma onlar da məhv olmasın. Yerli futbolçularımız da çoxdur. Onlardan da istifadə etmək lazımdır. Guya xaricilərin hansından xeyir gəldi? Əcnəbilər işin sadəcə 60-70 faizini öz üzərlərinə götürür. Yerlilər isə tam məsuliyyəti əllərinə alırlar. Elə biz gördük çempionluğu da, ölkə kubokunu da yerli məşqçilərimiz qazandılar.
- Yayım problemini necə həll etmək istəyirsiniz?
- Yayımda heç bir problem yoxdur və heç kim bu barədə, məncə, narazılıq edə bilməz. Biz çalışacağıq ki, I divizionun oynlarını da işıqlandıraq. Çünki orda da bizim istedadlı gənclərimiz var. Onların da bacarığına hamı şahid olmalıdır. Çünki həmin futbolçuların da milli komandaya böyük xeyri dəyə bilər. Biz də istəyirik ki, Berti Foqtsa və digər məşqçilərə kömək edək.
- "Xəzər Lənkəran” yayım məsələsindən şikaytçi idi...
- Yox, "Xəzər Lənkəran” müraciət elədi ki, azarkeşləri stadiona toplamaq istəyirik. Çünki oyunları canlı göstərəndə, stadiona adam gəlmir.
- Biz indionların canlı oyununu görə bilməyəcəyik?
- Niyə görmürsünüz ki... Biz göstərdik axı. Gələn mövsümdə də göstərəcəyik.
- Yayım işini klublara verəcəksiniz, yoxsa..?
- Yox, klublara niyə veririk ki? Çempionatdan əvvəl klublarla yenə görüşəcəyik və onlar da dəstəklədiyi halda, oyunlar canlı yayımlanacaq. AzTV rəhbərliyinə də minnətdarıq ki, bu il daha çox oyunu canlı verdilər və bəzən hətta I divizionda da canlı oyunların şahidi olduq.
- Bəs Superkubok oyununun məkanı bilindi?
- Çox istərdim ki, bu görüş Qəbələdə keçirilsin və məncə, klub rəhbərləri də narazılıq etməzlər. Gəncədə stadion hazır olsaydı, orada keçirə bilərdik. Amma Qəbələ variantı də yaxşıdır. Çünki bölgələrdə keçirilən finalların ayrı ləzzəti olur. Ötən il Naxçıvanda keçirilən Superkubok qarşılaşmasından həm "Neftçi”, həm "Xəzər Lənkəran” rəhbərliyi, həm də yerli azarkeşlər çox razı qaldı.
- Bu barədə "Qəbələ" rəhbərliyi ilə danışığınız olub?
- Xeyr.
-Avrokuboklarda klublarımızdan nə gözləyirsiniz?
- İnşallah, iyunun 23-də püşk atıldıqdan sonra görərik. Görək, xəlbir sudan nə çıxarır?
Ceyhun ƏLİYEV