"Bugünkü hadisələr FİFA üçün ümumilikdə futbolun bütöv simasını ləkələyən fəlakətdir. UEFA dərindən təəssüf və kədər hissi keçirir". Sportnet.az-ın məlumatına görə, bu fikirlər FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı UEFA-nın yaydığı açıqlamada yer alıb.
Avropa futbol qurumu hesab edir ki, bu hadisələr korrupsiyanın FİFA mədəniyyətində ciddi kök salıb: "Bütün FİFA-ya "yenidən yüklənmə" və faktiki islahat lazımdır. FİFA-nın qarşıdakı konqresi farsa çevrilə bilər. Bu səbəbdən, Avropa assosiasiyaları dərindən düşünməlidirlər: Bəlkə onlar bu konqresə baş çəkməkdən ümumiyyətlə imtina etməli və dayandırılmayacağı halda, sonda futbolu öldürəcək sistemə xəbərdarlıq etməlidirlər?!"
Bəyanatda bildirilir ki, UEFA-ya üzv assosiasiyalar FİFA konqresi öncəsi mayın 28-də bir araya gələcəklər. Həmin iclasda futbolu müdafiə etmək üçün hansı addımların atılmasına qərar veriləcək. Hələlik isə UEFA İcraiyyə Komitəsinin üzvləri əmindirlər ki, FİFA rəhbərliyində dəyişikliklər vacibdir, konqres təxirə salınmalı və FİFA prezidenti seçkisi 6 ay ərzində keçirilməlidir.
Qeyd edək ki, daha öncə FİFA-nın Etika Komitəsi 11 nəfəri futbolla bağlı istənilən fəaliyyətdən uzaqlaşdırıb.