
İspaniya çempionatının XXII turunda "Atletiko" və "Real Madrid" klubları paytaxt derbisində üz-üzə gəliblər. Sportnet.az-ın məlumatına görə, "Visente Kalderon" stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı 14-cü dəqiqədə Tyaqu Mendeş açıb. Bundan 4 dəqiqə sonra Saul fərqi artırıb. "Atletiko" daha 2 qolu fasilədən sonra vurub. 67-ci dəqiqədə Antuan Qrizmann, 89-cu dəqiqədə Mario Mancukiç fərqlənib. Bu qələbədən sonra "matrasçılar" xallarını 50-yə çatdıraraq, "Barselona" ilə bərabərləşiblər. Hazırda 50 xala malik baş məşqçi Dieqo Simeonenin komandası "Barsa" ilə 2-3-cü yerləri bölüşdürür. "Real Madrid" isə darmadağına baxmayaraq, 54 xalla 1-ci pillədə qalıb.
Qeyd edək ki, "Atletiko" bu görüşə üzərində "Azerbaijan Land of Fire" yox, "Baku 2015 European Games" yazılmış forma ilə çıxıb. Bu komanda mövsümün sonunadək bütün yarışlarda yeni formaya sadiq qalacaq.








































































