![](https://sportnet.az/uploads/posts/2025-02/1738954689_sahmat-aze2.jpg)
Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, növbəti mərhələyə son 5 vəsiqənin taleyinə tay-breyklərdə aydınlıq gəlib.
Kişilərin mübarizəsində Rauf Məmmədov Əhməd Əhmədzadə üzərində çətin qələbə qazanıb. İlk iki günün qarşılaşmalarının ardından tay-breykdəki bütün partiyalar da heç-heçə ilə yekunlaşıb. Yalnız armageddonda Məmmədov qara fiqurlarla heç-heçə etdiyi üçün mərhələ adlaya bilib. Yarımfinalda onun rəqibi Teymur Rəcəbov olacaq. Rəcəbov 1/4 finalın tay-breyk qarşılaşmalarından birini qələbə ilə başa vurduğu üçün növbəti raunda yüksəlib.
Digər yarımfinal cütündə Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla üz-üzə gələcək.
Şəhriyar Məmmədyarovdan fərqli olaraq, Zeynəb Məmmədyarovanın ardından bacısı Türkan Məmmədyarova da qadınların yarışında mübarizəni dayandırıb. T.Məmmədyarova 1/4 finalın tay-breyklərində aşağı yaşlılar arasında Avropa və ikiqat dünya çempionu Gövhər Beydullayevaya uduzub. Beydullayeva yarımfinalda Avropa çempionu Ülviyyə Fətəliyevaya rəqib olub.
2023-cü il komandalararası Avropa çempionatının gümüş medalçıları Gülnar Məmmədova ilə Xanım Balacayevanın qarşılaşmasından son anda birinci qalib çıxıb. G.Məmmədovanın rəqibi isə qitə çempionatının digər vitse-çempionu Günay Məmmədzadə olub. O, yalnız tay-breykdə Səbinə İbrahimovaya qalib gəlməyi bacarıb.
Azərbaycan çempionatı, 1/4 final
Kişilər
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı - 2:0 (1:0; 1:0)
Misrətdin İskəndərov - Aydın Süleymanlı - 1,5:0,5 (0,5:0,5; 1:0)
Rauf Məmmədov - Əhməd Əhmədzadə - 2,5:2,5 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5)
Vüqar Əsədli - Teymur Rəcəbov - 1,5:2,5 (0,5:0,5; 0,5:0,5; 0:1; 0,5:0,5)
Qadınlar
Günay Məmmədzadə - Səbinə İbrahimova - 2,5:1,5 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 1:0)
Gülnar Məmmədova - Xanım Balacayeva - 2,5:1,5 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 1:0)
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova - 2:0 (1:0; 1:0)
Türkan Məmmədyarova - Gövhər Beydullayeva - 2:3 (1:0; 0:1; 0:1; 1:0; 0:1)
Beləliklə, 10 - 12 fevralda yarımfinalda görüşəcəklər:
Kişilər
Şəhriyar Məmmədyarov (2732) - Misrətdin İskəndərov (2515)
Rauf Məmmədov (2656) - Teymur Rəcəbov (2698)
Qadınlar
Günay Məmmədzadə (2412) - Gülnar Məmmədova (2333)
Ülviyyə Fətəliyeva (2381) - Gövhər Beydullayeva (2404)
Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olacaq. Bütün görüşlər saat 15:00-da start götürəcək.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min manat, qadınlarda isə 30 min manat təşkil edir.