
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlinin yer aldığı kollektivi bu dəfə Polşadan üstün olub - 2.5:1.5.
Daha əvvəl Slovakiyaya (3:1) qalib gələn və Çexiya (2:2) ilə bərabərə qalan komanda hazırda 5 xalla üçüncü pillədədir.
Qadınlardan ibarət milli isə heç-heçə ilə kifayətlənib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət kollektiv Fransa ilə xalları yarı bölüb - 2:2.
Əvvəlki görüşlərdə Sloveniya (4:0) və Macarıstandan (2.5:1.5) üstün olan komanda 5 xalla dördüncüdür.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-dək davam edəcək.