Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları keçirilib.
Sportnet.az-ın məlumatına görə, ¼ finalda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəni məğlub edib. Rauf Məmmədov-Read Səmədov, Məhəmməd Muradlı-Eltac Səfərli, Aydın Süleymanlı-Nicat Abasov görüşlərində heç-heçə qeydə alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva Günay Məmmədzadəni üstələyib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva-Gülnar Məmmədova görüşündə bərabərlik olub.
Bu gün ¼ final mərhələsinin ikinci partiyaları oynanılacaq.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq.
Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

























































































