Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov ölkə çempionatının yekunları ilə əlaqədar jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan çempionatının təşkilatçılıq səviyyəsini necə dəyərləndirirsiniz?
- Artıq ikinci dəfədir ki, bu reqlamentlə çempionat keçirilir. Belə çıxır ki, pley-off sistemi bizim şahmatçılara, ümumiyyətlə, idman mübarizəsinin gərginliyinə, ona olan marağa çox münasib reqlamentdir. Mənim üçün təəccüblü deyil və çox sevindirici haldır ki, bura gələn azarkeşlər baxımından və mediada çempionat böyük ajiotaja səbəb oldu. Buna eksperiment demək olmaz. Əlbəttə, dünyanın hər yerində bu sistem tətbiq olunur və hesab edirəm ki, davamlı olacaq. Yəqin ki, növbəti çempionatda mükafat fondunu bir az da artıracağıq. İstərdik ki, lider şahmatçılar yenə də çıxış etsinlər.
- Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarovun ardıcıl ikinci il finalda uduzmasını necə dəyərləndirərdiniz?
- Maraqlı nəticələr oldu. Əlbəttə, hər şeyi qanunauyğun və ədalətli saymaq olar. Çünki Məhəmməd Muradlı artıq iki dəfə Azərbaycan çempionu olmuşdu, üçüncü dəfə də oldu. Çoxları Şəhriyar Məmmədyarova azarkeşlik edirdi, istəyirdilər ki, o, 23 il öncəki çempionluğunu təkrarlasın. Təəssüf ki, Şəhriyar bu dəfə də finalda məğlub oldu. Lakin bu, idmandır, şahmatdır. Pley-offun həm də tay-breki var. Bu, çox maraqlı sistemdir. Təsadüflər də olur. Amma ümumilikdə deyərdim ki, hər şey çox maraqlı, gərgin mübarizə şəraitində keçdi.
- Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva ilk dəfə ölkə çempionu oldu. Onun çıxışını necə qiymətləndirirsiniz?
- Qadın şahmatında Ülviyyə Fətəliyeva çoxdan arzusunda olduğu, tarixdə ilk dəfə Azərbaycan çempionluğunu qazandı. Yadımdadır, ötən çempionatda Fətəliyeva yarımfinalda uduzanda necə gərgin hisslər keçirirdi. Hətta rəfiqələri, federasiyanın bəzi əməkdaşları onu sakitləşdirirdi. İndi isə Ülviyyə çempion oldu. Lakin Ayan Allahverdiyeva da finalda çox ləyaqətli, gözəl oynadı. Hətta Ülviyyənin udduğu partiyada mən elə bilirdim ki, Ayan udmalıdır. Amma elə oldu ki, vəziyyət 180 dərəcə dəyişdi. Maraqlı çempionatdır. Azarkeşlər də, özümüz də bunu istəyirik. Əlbəttə, biz həmişə analizlər aparırıq. Bu sistemi saxlayaraq, əgər varsa, mənfi tərəflərini aradan qaldırmaq, müsbət tərəflərini gücləndirərək, daha da maraqlı etmək lazımdır. Ajiotaj bizim üçün çox maraqlı amildir.
- Yarımfinalda Türkan Məmmədyarova - Ayan Allahverdiyeva görüşündə də ajiotaj yarandı. Orada hakim qərarı həlledici oldu...
- Bəli. FIDE-də fair play mükafatını verən komissiyanın rəhbəri mənəm. Komissiyada dünya şöhrətli şahmatçı Yudit Polqar və böyük nüfuza malik filippinli şahmatçı Eugenio Torre yer alıb. Svetozar Qliqoriç adına Fair Play (Ədalətli Oyun - red.) mükafatını təqdim edirik. Məncə, Türkan Məmmədyarovanın yarımfinal oyunundakı addımı məhz ədalətli oyun prinsiplərinə uyğundur. Bu, AŞF tərəfindən FIDE-yə təqdim olunacaq və ali şahmat qurumunda səsverməyə çıxarılacaq. Yeri gəlmişkən, bu il Rauf Məmmədovun da belə bir təcrübəsi olub. O da oyunların birində centlmencəsinə, ədalətli addım atmışdı. Ona da baxılacaq. Beləliklə, Azərbaycan şahmatçılarının 15 - 28 sentyabr 2026-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Olimpiadada Fair Play mükafatına layiq görülmə şansları var.
- Əslində şahmatda kişilər arasında yarış keçirilmir, bu, açıq yarış adlandırılır və orada qadınlar da iştirak edə bilir. Azərbaycanda elə bir qadın şahmatçı varmı ki, həmin açıq yarışda iştirak edə bilsin?
- Bu, hər bir qadının öz seçimidir. Düz deyirsiniz, kişilərin yarışı açıq yarış, qadınların yarışı isə olduğu kimi adlandırılır. Yəni, qadın şahmatçının kişilərin yarışında iştirak şansı və hüququ var. Hələlik bizdə belə hal olmayıb. Amma əlbəttə, qapılar açıqdır. Kim istəsə, öz şansını açıq yarışda da sınaya bilər.
Elşən MƏMMƏDOV

















































































