"Təşkilat Komitəsinin üzvləri ilə "Crystal Hall”da olduğumuz zaman bütün işlərlə tanış olduq. Bakı Şahmat Olimpiadası möhtəşəm arenada yüksək səviyyədə keçiriləcək. Olimpiada vaxtı yarış zalının tərtibatıyla yanaşı, eyni zamanda təhlükəsizlik məsələləri, tibb otağı və media mərkəzinin olacağı məkanlar müzakirə olundu. Hazırda təşkilati işlər plan üzrə davam edir". Sportnet.az-ın Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək olimpiada ilə bağlı danışarkən deyib.
Nazir paytaxtda təşkil olunacaq yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün işlərin görüləcəyini bildirib.
Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarışın keçiriləcəyi məkanla yaxından tanış olduqlarını və zalın təkcə partiyaların oynanılacağı zaldan ibarət olmadığını söyləyib: "Bura həm də rəsmilərin olacağı məkan, tibb otağı, media mərkəzi, tamaşaçıların oyunları izləyəcəyi yer aid olunur. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovun tövsiyələri oldu. Komitə tərəfindən bu günə qədər nəzərdə tutulan işlər yerinə yetirilib. Demək olar ki, biz həlledici son mərhələyə hazırıq. Mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlər görüləcək. Artıq məlumdur ki, Olimpiadada 2200-dən artıq şahmatçı mübarizə aparacaq. Ümumilikdə 42-ci Bakı Şahmat Olimpiadasına gələcək iştirakçılar, rəsmilər, qonaqların sayı 3000-dən artıq olacaq. Hazırda 176 ölkənin iştirakı gözlənilir. Dünya idman təqvimində ən yüksək təmsilçiliyi olan yarışlardan biri sayılır”.
Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.