
Bu gün Norveçin Tromse şəhərində sayca 41-ci Ümumdünya Şahmat Olimpiadası start götürür. Sportnet.az-ın məlumatına görə, FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) təqvimində ilin ən mötəbər yarışı olan, 180 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan iki komanda ilə təmsil olunacaq.
Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət yığmamızın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov yer alıb. Fikrət Sideifzadə isə bu turnirdə qadın millimizin üzvləri qismində Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimovaya şans verib. Avqustun 14-dək davam edəcək turnirdə ölkəmiz 10 hakimlə təmsil olunacaq ki, bu da təqdirəlayiq haldır.
Xalifmanın olimpiada uğuruna ac komandası
48 yaşlı rusiyalı qrossmeyster bu yarışda ilk iki lövhəni böyük ehtimalla Rəcəbov və Məmmədyarova həvalə edəcək. Digər lövhələrdə isə zəka sahiblərindən hansının yer alacağını proqnozlaşdırmaq çətindir. Çox güman ki, bu, yarışın ümumi gedişatına əsasən müəyyənləşəcək.
FİDE-nin avqust ayı üçün açıqladığı reytinq siyahısında ilk "10-luq"da heç bir şahmatçımız qərarlaşmayıb. Ən yüksək göstərici Məmmədyarova məxsusdur ki, aktivində 2743 xal olan qrossmeyster 18-ci sırada qərarlaşır. Ondan 9 pillə geri qalan Rəcəbovun aktivində isə 2724 xal var. "100-lük"də qərarlaşan digər şahmatçı isə Məmmədovdur. 26 yaşlı zəka sahibi aktivində 2659 reytinq xalı ilə 91-ci yerdədir. Digər iki zəka sahibimiz isə yüzlükdə yer almayıb. Lakin istər Səfərli, istərsə də Hüseynov istənilən rəqibə başağrısı olacaq gücdədir.
Bu turnirdə Xalifmanın komandası üçün əsas rəqiblər, şübhəsiz ki, Maqnus Karlsenli Norveç, Aleksnadr Qrişuk, Vladimir Kramnik və Sergey Karyakinli Rusiya, Fabiano Karuanalı İtaliya, Vasili İvançuk və Ruslan Ponomaryovlu Ukrayna, Hikaru Nakamura və Qata Kamskli ABŞ, Vanq Hao və Vanq Yueli Çin, Levon Aronyan, Vladimir Akopyanlı Ermənistan və Boris Gelfandlı İsrail yığmalarıdır. Yarışın reytinq favoritləri arasında ilk onluqda yer alan yığmamızın bu ölkərdən hər hansı birinin yığması ilə görüşünün olimpiadaya rəng qatacağı şübhəsizdir.
İki il əvvəl Türkiyənin İstanbul şəhərində keçirilmiş 40-cı olimpiadada elə də yüksək nəticə ilə yadda qalmayan kişilərdən ibarət millimiz yekunda yalnız ilk "10-luğ"u qapamağa nail olmuşdu. İstanbulda da hazırki heyətlə çıxış edən yığmamız reytinq göstəricilərinə görə üstün olduğu Hollandiya, Rumıniya və Vyetnam millilərini yekun sıralamada özündən irəli buraxmışdı. Buna da səbəb kimi bu il dünyasını dəyişən dünya şöhrətli Vüqar Həşimovun yoxluğu göstərilirdi. Bu dəfəki olimpiadada isə yığmamızın bütün şahmatçılarının reytinq göstəriciləri İstanbuldakından xeyli geri qalır. Əgər Rəcəbov və Məmmədyarov əvvəlki olimpiada öncəsi ilk "10-luq"da qərarlaşırdısa, indi Teymur indi heç ilk "20-lik"də də yoxdur. Şəhriyarsa az qala "20-liy"i qapayır. Bu da şahmatçılarımızın son iki ildə beynəlxalq yarışlarda passiv çıxışının göstəricisidir. Düzdür, millimiz 2009 və 2013-cü illərdə Avropa çempionatının qızıl, 2011-ci ildə gümüş medal qazanıb. Amma komandamız dünya çempionatı və olimpiadalarda mükafatçılar sırasına düşə bilməyib. Üstəlik, fərdi yarışlarda da onlar elə də uğurlu nəticə göstərməyiblər.
Reytinqsiz zəriflər...
1992-ci ildə ilk dəfə qatıldığı Olimpiadada yeddinci olmağı bacaran Aynur Sofiyevalı Azərbaycan qadın yığmasının xələfləri isə son olimpiadada ilk "10-luğ"a düşməyi bacarmamışdı. Qardaş ölkədə keçirilən olimpiadada demək olar ki, eyni heyətlə çıxış edən zəriflərimizdən hər hansı birinin adı FİDE-nin ilk "100-lüy"ündə yer almayıb. Azərbaycan müasir qadın şahmatının ikinci Sofiyevası adlandırılan Zeynəb Məmmədyarovanın son illər uğursuz çıxış etməsinə baxmayaraq, təcrübəsi hesabına Fikrət Sideifzadədən ilk lövhəni təhvil alacağı gözləniləndir. Bir vaxtlar müxtəlif yaş qrupları üzrə dünya və Avropa çempionatlarının qalibi olmağı bacaran Məmmədyarovlar ailəsinin ilk övladı bir neçə ildir məmur fəaliyyətinə başlayıb. Keçən ildən isə Zeynəb Sumqayıt Şəhər Bələdiyyəsinin sədr müavini postunu tutur. Bu da sözsüz ki, onun yarışlarda iştirakına və nəticə qazanmasına təsirsiz ötüşmür. 2002-ci ildə Sloveniyada keçirilmiş olimpiadada şəxsi lövhəsində ikinci olmağı bacaran Məmmədyarovanın hansı nəticə ilə yadda qalacağı böyük maraqla gözlənilir. Digər lövhələrdə isə əsasən hansı şahmatçının yer alacağı bir qədər qaranlıqdır. Qalan 4 şahmatçımızın hər biri, demək olar ki, eyni potensiala malikdir. Sideifzadənin lövhə təyinatı yarışın ümumi gedişatına əsasən müəyyənləşəcək. Son ölkə çempionatında ilk iki pilləni tutan Xəyalə Abdulla və Gülnar Məmmədova üçün Tromse Olimpiadası həm də şəxsi rəqabət baxımından önəmlidir. Martda keçirilmiş daxili çempionatda cüzi fərqlə - cəmi 0.5 xalla X.Abdulladan geri qalan Məmmədova bu yarışa ikiqat motivasiya ilə yollanır.
Real yanaşsaq, bu olimpiadada qadın şahmatçılarımız ən yaxşı halda ilk "10-luğ"a düşmək uğrunda mübarizə apara bilər. Nəzərə alsaq ki, Kosintseva bacılarının yer aldığı Rusiya, Katerina Lahno və Natalya Jukovalı Ukrayna, Hou Yifan və Zao Xueli Çin, eləcə də Hindistan, Rumıniya, Fransa yığmaları qarşısında zəriflərimiz həddən artıq zəif görünür, odur ki, onlardan yüksək nəticə gözləmək də doğru olmazdı.
Qeyd edək ki, Tromse Olimpiadası həm də Azərbaycan günü ilə əlamətdar olacaq. Həmin tədbirdə ölkəmizə 42-ci Şahmat Olimpiadasının bayrağı təqdim olunacaq.
Sahib ƏSƏDBƏYLİ