Tədbir iştirakçıları əvvəlcə II Fəxri Xiyabanda məşhur şahmatçının xatirəsini yad ediblər. Turnirin bağlanış mərasimində çıxış edənlər yüksək səviyyədə keçirilən yarışın şahmatın təbliğindəki rolundan danışıblar. Daha sonra şahmatçımız Vüqar Həşimovun karyerası zamanı qazandığı uğurlar barədə söhbət açılıb. Vətənini hədsiz dərəcədə çox sevən Həşimovun bütün qələbələrini Azərbaycana həsr etdiyi xüsusi vurğulanıb.
Gərgin idman mübarizə şəraitində keçən turnirdə fəxri kürsünün ən yüksək pilləsinə 9 oyundan 7,5 xal toplayan Bakı şahmatçısı Kənan Qarayev qalxıb. Vüqar Həşimov kuboku ilə təltif olunan Qarayev, eyni zamanda, Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak hüququ qazanıb. Gümüş medalın qalibi eyni xalı toplayan Rəvan Əliyev olub. O, "Baku Open-2014”ə vəsiqə qazanıb. Bürünc mükafata layiq görülən Məhəmməd Muradlı isə "Naxçıvan Open-2015” beynəlxalq şahmat festivalında iştirak hüququ əldə edib.
Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər təltif ediliblər. Hər yaş qrupunun qalibləri olan oğlanlar və qızlar qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunublar.
Qeyd edək ki, 9 turdan ibarət xatirə turnirində 94 yeniyetmə şahmatçı mübarizə aparıb.