"Teymur Rəcəbov digər oyunçularla məsləhətləşmədən çox tez geri çəkildi. İndi məhkəməyə müraciət onun istəyinə bağlıdır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri fransalı şahmatçı Maksim Vayşe-Laqrav "Ruchess" nəşrinə geniş müsahibəsində Azərbaycan təmsilçisinin İddiaçılar Turnirindən imtinasına münasibət bildirərkən deyib.
Yarışa Teymur Rəcəbovun əvəzinə qatılan 30 yaşlı qrossmeyster Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Rəcəbovu yarışa qaytara bilməyəcəyini sözlərinə əlavə edib: "FIDE istəsə də, onu bərpa edə bilməz. Turnir qaydaları yarış başlamamışdan əvvəl müəyyənləşdirilib. Buna görə də yenə eyni oyunçular və qazanılan xallarla başlamaq məcburiyyətində qalacağıq".
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərindəki turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.