"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin səfərdə "Sumqayıt"a 4:3 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra Sportnet.az-a müsahibəsi:
— Uzunmüddətli zədədən sonra ilk dəfə iştirak ərizəsində yer aldınız. Ehtiyat oyunçular skamyasından oyunu sonadək izlədiniz. Yaşıl meydançalardan kənarda qalmaq sizə necə təsir edirdi?
— Bu, hər bir futbolçu üçün çox çətin perioddur. Mənim üçün də heç də asan olmadı. Yenidən meydanlara qayıtmağı çox arzulayırdım. Sevinirəm ki, qayıda bildim və buna görə çox şadam. Ümid edirəm ki, gələn mövsüm daha yaxşı oyun nümayiş etdirə biləcəyəm.
— Düşünmürsünüz ki, bu zədələr olmasaydı, indi Avropada legioner həyatı yaşayardınız?
— Açığı, özüm qalmağı seçdim. Ona görə də heç bir peşmanlığım yoxdur. Ümid edirəm ki, gələn il ən az bu mövsümdə olduğu qədər yeni uğurlara imza atacağıq.
— Komandada qalmağı niyə seçdiniz?
— Həmin dövrdə komanda eniş yaşadığı vaxtda getməyi özümə yaraşdırmadım.
— Bəs bu yay komandada qalacaqsınız?
— Hələlik komandamla müqaviləm davam edir.
— Oyunu necə dəyərləndirirsiniz?
— Mövsümün son oyunu olduğuna görə hər iki komandada gənclərə daha çox şans verilmişdi. Buna baxmayaraq, düşünürəm ki, azarkeşlər üçün maraqlı qarşılaşma alındı. Mən özüm də oyundan zövq aldım.
— Komanda yoldaşınız Elvin Cəfərquliyev ilə bağlı yaşanan hadisə haqqında nə deyə bilərsiniz?
— Açığı, bu barədə fikir bildirmək çətindir. Mən də futbolçuyam və artıq Elvinlə bağlı qərar verilib. Ümid edirəm ki, problem ən qısa zamanda həllini tapacaq.
— Yenidən Avropa Liqasında çıxış edəcəksiniz. Sizcə, bu mövsüm müəyyən çətinliklərlə üzləşə bilərsiniz?
— Əlbəttə, asan olmayacaq. Amma kifayət qədər təcrübəmiz var. Düşünürəm ki, bu mövsümkü çıxışımız gələn mövsüm bizə çox kömək edəcək. Hədəfimiz daha uğurlu olmaqdır.
— Komandadan ayrılan futbolçular ola bilər. Yeni transferlərin qısa müddətdə komandaya uyğunlaşması Avropa Liqasının təsnifat mərhələsinə təsir edə bilərmi?
— Bu barədə fikir bildirmək mənim üçün çətindir. Amma ümid edirəm ki, bizi yaxşı mövsüm gözləyir.















































































