
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində sonuncu görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gəlib.
Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb və xallarının sayını 3,5-ə çatdırıb. Sonuncu turdakı digər qarşılaşmalar davam edir.
Azərbaycan təmsilçisi I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub.
Təcrübəli şahmatçı II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, VII turda isə FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.