
“Çempion olacağıma inanmırdım. Belə yarışda bəxtin gətirməlidir. Şükür ki, bəxtim gətirdi”.
Spornet.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında şahmat üzrə Azərbaycan çempionatının qalibi Rauf Məmmədov deyib.
37 yaşlı qrossmeyster qələbə təəssüratlarını bölüşüb: “Düzü, hələ də şokdayam. Ona görə də nə isə xüsusi bir hiss keçirdiyimi deyə bilmərəm. Teymur Rəcəbovla oyundan sonra isə iki gecə yatmamışam. Azərbaycan çempionatı çox maraqlı keçdi. İlk dəfə 2003-cü ildə çıxış etmişdim. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla çıxış etsəm də, gənc şahmatçılar çox idi. Şəhriyar favorit idi. Buna baxmayaraq, çox çətin mübarizə oldu".
Baxmayaraq ki, üçqat Avropa çempionu olmuşam, 9 mümkün xaldan 8-ni yığmışam, amma belə rəqabətlə çempion olmamışdım”.
Azərbaycan çempionu yarımfinalın daha çətin keçdiyini vurğulayıb: "Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov bizim irəlidə gedən şahmatçılarımızdır. Teymura qalib gəldikdən sonra çempion olacağıma dair bir hiss gəldi, ancaq Şəhriyarı yenə də favorit sayırdım. Hətta deyərdim ki, son ana qədər qalib gələcəyimə inanmırdım. Düşünürəm ki, bu çempionluq mənim növbəti uğurlu nəticələrimi də gətirəcək. Çox çətin yarış idi, bundan sonra yalnız istirahət etmək istəyirəm".
Qeyd edək ki, Rauf Məmmədov Şəhriyar Məmmədyarova tay-breykdə qalib gəlib. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.