
“Bu, bir növ revanş oldu”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Çempionlar Savaşı” şahmat yarışından sonra jurnalistlərə açıqlamasında deyib.
O, belə bir turnirin təşkili ideyasının 1 - 15 fevralda kişi və qadınlar arasında keçirilmiş Azərbaycan çempionatından sonra ortaya çıxdığını bildirib.
Məmmədovun sözlərinə görə, "Çempionların Savaşı" təkcə Azərbaycanda deyil, həmçinin dünyada da böyük rezonans yaradıb: "Bildiyimiz kimi, Rauf Məmmədovla Günay Məmmədzadə yekunda ölkə çempionu oldular. Bundan sonra isə biz çempionlarımızı nə iləsə mükafatlandırmaq istəyirdik. İlk olaraq, yadımıza 2019-cu ildə Azərbaycan və dünya yığmaları arasında baş tutmuş matç gəldi. Həmin vaxt dünya seçməsi daha güclü olduğu üçün qalib gəlmişdi.
Digər tərəfdən, 2012-ci ildə Rusiyada Tretyakov qalereyasında Dünya Şahmat Tacı uğrunda matç təşkil olunmuşdu. Buna görə belə bir fikrə gəldik ki, dünya çempionlarına çağırış edək. Bunun matç formatında və muzeydə keçirilməsini istədik. Milli Xalça Muzeyində olan şərait başqa heç bir yerdə ola bilməzdi.
Muzey rəhbərliyi bizim ideyanı çox gözəl qarşıladı, buna görə də onlara təşəkkür edirəm. Milli Xalça Muzeyinə hər kəs, həmçinin turistlər tərəfindən böyük maraq olduğunu gördük. Onlar burada belə bir matçın olduğunu görəndə təəccüblənirdilər. Onların Azərbaycanla bağlı təəssüratları arasında bu idman tədbiri də öz yerini tutacaq”.
Məmmədov qarşılaşmaların gərgin və həyəcan dolu hisslərlə yadda qaldığını vurğulayıb: "Görüşün sonlarında bizim çempionlar qalib gəldilər. Bu, bir növ revanş oldu. Yarışın hakimi İlahə Qədimovanın qeyd etdiyi kimi, matç yoldaşlıq adı daşısa da, çox gərgin mübarizəyə səhnə oldu. Şahmat tarixində çox az görünən taktiki gedişlərin şahidi oldum. Antoaneta Stefanova və digərləri də çox təəccübləndilər. Azərbaycan və dünya çempionlarına minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, “Çempionlar Savaşı”nda Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovu (Özbəkistan), Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanovanı (Bolqarıstan) rapid və blits üzrə mübarizənin yekununda eyni hesabla məğlub edib - 12:10.