
“Sheki Open” turnirinin açılış mərasimi keçirilib.
Sportnet.az Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətinə istinadən xəbər verir ki, festivalda 8 ölkədən 300-dək şahmatçı iştirak edir.
Şahmatçılar A və B qruplarında mübarizə aparırlar. Hər iki qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla təşkil olunur.
Yarışın mükafat fondu 23 450 manat təşkil edir. A qrupunun qalibi 5 100, B qrupunda ilk yeri tutacaq şahmatçı 1 000 manat qazanacaq.
Festival çərçivəsində həmçinin blits və rapid üzrə turnirin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, festival AŞF-nin "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir. Bu, layihənin sayca ikinci yarışıdır. Yarışa iyunun 24-də yekun vurulacaq.