
Almaniyanın Brandenburq şəhərində kayak və kanoe üzrə Avropa çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, nüfuzlu reqataya 39 ölkədən 569 idmançı qatılıb. Azərbaycanı 4 kanoeçi və 1 kayakçı təmsil edir.
Çempionatın ilk günündə 1000 metr və 500 metr məsafələrə seçmə və yarımfinal yürüşləri keçirilib. Kanoeçilərimizdən Sergey Bezuqlıy - Aleksey Kupin dueti həm 1000 metr, həm də 500 metr, Nikolay Matviyçuk 1000 metr məsafəyə yürüşdə əsas finala yüksəliblər. Bezuqlıy - Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yürüşdə 3 dəqiqə 39,030 saniyə nəticə ilə 5-ci yeri tutaraq, yarımfinala yüksəlib. Növbəti mərhələdə isə onlar ilk "3-lüy"ə düşməyi bacarıblar və finala vəsiqəyə yiyələniblər. Həlledici yürüş iyulun 12-də Bakı vaxtı ilə saat 21:04-də olacaq.
Bezuqlıy - Kupin dueti 500 metr məsafəyə yürüşdə seçmə mərhələni 1 dəqiqə 49,305 saniyəyə 4-cü, yarımfinal yürüşünü 1 dəqiqə 43,349 saniyəyə 2-ci pillədə başa vurublar. məhz yarımfinalda ilk "3-lüy"ə düşmələri səbəbindən onlar həlledici yürüşdə iştirak hüququna yiyələniblər.
Matviyçuk 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə seçmə yürüşdə finişə 1 dəqiqə 51,864 saniyəyə 3-cü çatıb. Nəticədə o, birbaşa əsas finala yüksəlib. Həlledici yürüş iyulun 13-də saat 18:27-də olacaq. Təmsilçimiz 1000 metr məsafəyə yürüşdə isə seçmə mərhələni 4 dəqiqə 0,827 saniyəyə 5-ci yerdə tamamlasa da, yarımfinalda finişə çata bilməyib və əsas finaldan kənarda qalıb.
Nəhayət, yeganə kayakçımız Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 41,460 saniyə nəticə ilə 3-cü yeri tutub. Yarımfinalda isə o, finişə 1 dəqiqə 45,722 saniyəyə çataraq, 4-cü olub və əsas finala yüksələ bilməyib. Cavadov iyulun 12-də saat 16:15-də B finalında (10 - 18-ci yerlər) çıxış edəcək.
Yeganə kayakçımız iyulun 12-də həm də 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşlərə başlayacaq. O, saat 12:10-da seçmə yürüş üçün start xəttinə çıxacaq.
Nəhayət, kanoe üzrə 4 qat dünya və Avropa çempionu Valentin Demyanenko saat 12:25-də 1 nəfərlik qayıqla (C-1) start xəttinə çıxacaq. O, 200 metr məsafəyə yürüşə başlayacaq.
Qeyd edək ki, Brandenburqdakı qitə çempionatı 2015-ci il Avropa Oyunlarına lisenziya xarakteri daşıyır. Mingəçevirdə baş tutacaq kayakçı və kanoeçilərin mübarizəsində ölkəmiz ev sahibi kimi müəyyən güzəştlərə malik olacaq. Kişi kayak və kanoeçilərimiz 1 nəfərlik qayıqla 1000 metr, qadın kayakçımız isə 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşlərdə birbaşa iştirak hüququna yiyələnib. Qalan yürüşlərdə vəsiqələrə təmsilçilərimiz məhz Avropa çempionatında yiyələnməlidirlər.